Dünyada kəşfiyyat savaşı qızışır: Yeni KQB və Mİ-6
23.09.2016 633 0.0 0

Dünyada kəşfiyyat müharibələri yenidən alovlanır. Bir sıra böyük dövlətlər artıq xarici kəşfiyyat xidmətlərini yeniləyir və böyüdür.

 

Bir neçə gün əvvəl dünya mediası Rusiyada KQB-nin yenidən bərpa olunması haqda xəbərlər paylaşdı. Məlum olur ki, Putin hakimiyyəti təhlükəsizlik xidmətləri sistemində nəhəng islahatlara gedərək kəşfiyyat xidmətlərini yenidən formalaşdırır. Belə ki, ölkədə yeni Dövlət Təhlükəsizliyi Nazirliyi yaradılacağı, bir sıra qurumların, o cümlədən Federal Təhlükəsizlik Xidməti, Federal Mühafizə Xidməti və Xarici Kəşfiyyat Xidmətinin nazirliyin tərkibinə daxil ediləcəyi bildirilir.

 

Qazeta.info Musavat.com -a əsasən xəbər verir ki, plana əsasən, yeni yaradılacaq Dövlət Təhlükəsizliyi Nazirliyi sovet KQB-si kimi geniş səlahiyyətlərə malik olacaq. Bu nazirlik səs-küylü cinayət işlərini öz nəzarətinə götürmək və təhqiqatın bütün mərhələlərinə nəzarət etmək imkanı qazanacaq. Bu radikal islahatlar planı güc və hüquq-mühafizə orqanlarında daha effektiv idarəçiliyə nail olmaq, bu orqanlarda korrupsiyanın kökünü kəsmək üçün hesablanıb.

 

Ancaq təbii ki, bu planın əsas hədəfi təhlükəsizlik və kəşfiyyat işini daha da gücləndirməkdir. Rusiya artıq yenidən, soyuq müharibə zamanında olduğu kimi, bir dünya oyunçusu rolunu üzərinə alıb. Belə bir dövlət üçün isə təbii ki, güclü kəşfiyyat lazımdır. Həm Rusiya kimi böyük ərazisi olan dövlət, eləcə də dünyanın bütün ölkələrində, həmçinin Rusiyanın aktiv iştirak etdiyi münaqişə zonalarında “isti” məlumatların əldə olunması üçün güclü kəşfiyyat orqanına ehtiyac var. Bunu isə daha böyük səlahiyyətlərə malik, mərkəzləşdirilmiş bir qurum edə bilər.

 

Ancaq maraqlıdır ki, kəşfiyyat xidmətini gücləndirən yalnız Rusiya deyil. Məlum olub ki, BMT-nin 5 daimi üzv ölkəsindən biri, dünyada ən böyük müstəmləkə imperiyasına sahib olmuş və hazırda da böyük ərazilərə malik, dünyanın bütün münaqişə bölgələrində fəaliyyət göstərən Böyük Britaniya da kəşfiyyat xidmətini gücləndirir.

 

İngiltərənin “Tayms” qəzeti Britaniyanın Mİ-6 xarici kəşfiyyat xidmətinin yeni kəşfiyyatçılar işə götürdüyünü yazıb. Qəzetin manşet yazısında qeyd olunur ki, Mİ-6 terrorla mübarizə məqsədilə yüzlərlə yeni işçi yığır. 2020-ci ilə qədər Mİ-6 daha 1000 nəfəri işə götürəcək. Bununla da xidmətin əməkdaşlarının sayı 3500 nəfərə çatacaq. Yəni dünyanın ən güclü kəşfiyyatları arasında ilk beşliyə daxil olan Mİ-6 əməkdaşlarının sayını 40 faizə qədər çoxaldacaq. Bu isə ciddi rəqəmdir. Maraqlıdır ki, yeni agentlər daha çox qadınlar və etnik azlıqlar arasından seçiləcək. Bu cür böyümə 10 il əvvəl London terror hadisələrindən sonra qeydə alınıb. Görünür, indiki situasiya Londonu yenidən kəşfiyyatı gücləndirməyə vadar edir.

 

BBC-nin məlumatına görə, Mİ-6-nın direktoru Aleks Yunger ABŞ-da bir konfransda  dijital bir dünyada yaşadıqlarını, bunun isə həm varolma təhdidi yaratdığını, həm də “qızıl fürsət” olduğunu deyib.

 

Qeyd edək ki, Britaniyada Mİ-6 ilə yanaşı daxili təhülkəsizliyə cavabdeh olan Mİ-5 və dinləmələr, elektron kəşfiyyatı həyata keçirən GCHQ adlı qurum var. Müvafiq olaraq Mİ-5-də 4 min, GCHQ-da isə 6 min işçi çalışır.

 

Həm Rusiya, həm də Britaniyanın kəşfiyyat strukturlarını gücləndirməsi dünyada son illərdə artan tendensiyanın təsiridir. Türkiyədə kəşfiyyat xidmətinin reklam çarxında bir ifadə keçirdi: “Patrona daha çox pul xərcləməmək üçün daha çox bilgiyə, yəni kəşfiyyat məlumatına sahib olmalısan”. Dünyada artan müharibələr, terror, etnik, dini münaqişələr kəşfiyyat xidmətlərinin işini artırıb. Qloballaşan dünyada beynəlxalq cinayət şəbəkələri üçün artıq dövlət sərhədləri əhəmiyyətini itirib. Yeni dünyanın əsas silahı bilgidir. “Bilgi üstünlükdür” tezisi artıq dövlətlərin gücünü müəyyən edən əsas tezisə çevrilib. Daha çox məlumata malik ölkələr daha güclüdür və bir çox hallarda böyük hərbi xərclərin, maddi və canlı qüvvə itkisinin qarşısını məhz kəşfiyyat vasitəsilə almaq olur. Son illərdə İraq və Suriyada münaqişədə müxtəlif ölkələrdən olan yüzlərlə kəşfiyyatçı həyatını itirib. Yeri gəlmişkən, ABŞ ordusunun son hava zərbələri zamanı Suriya əsgərləri ilə yanaşı Rusiya kəşfiyyatının “mühüm” əməkdaşları da öldürülmüşdü.

 

Məhz bu səbəbdən böyük dövlətlər kəşfiyyat xidmətlərini daha da gücləndirir. Gələcəyin savaşlarının əsas silahı məhz kəşfiyyat olacaq. Elektron kəşfiyyat, internet üzərindən izləmə, kosmik kəşfiyyat və ən mühümü texnikanın nə qədər inkişaf etməsindən asılı olmayaraq əsas silah olaraq qalan insan faktoru, yəni kəşfiyyatçılar bu günkü dünyada savaşların “ön cəbhəsində” yer alırlar. Dövlətlər həm daxildə terror, qlobal cinayətkarlığa qarşı mübarizə aparmaq, həm də dünyanın fərqli ölkələrində baş verən proseslərə daha aktiv müdaxilə etmək, təsir imkanlarını gücləndirmək üçün kəşfiyyat xidmətlərinə daha böyük dəstək verəcəklər. Xüsusən də 21-ci əsrin əvvəlində baş verən proseslər, qlobal terror. Dini və etnik münaqişələr göstərdi ki, indiki əsrdə birbaşa silahlı münaqişələrdən daha effektli olan kəşfiyyat işi, bilgi üstünlüyü və kəşfiyyat vasitəsilə şəxs və qrupların idarə olunması, birbaşa deyil, vəkalətli savaşlardır. Bunun üçünsə Rusiya, Britaniya və eləcə də digər iri ölkələrə daha güclü kəşfiyyat orqanları lazım olacaq.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar