Türkiyənin Sakarya şəhərini təmsil edən həvəskarlardan ibarət "Harunustaspor" klubu virtual valyuta ilə futbolçu transfer edib.
Məlumata görə, "Karasu Kültürspor"un 22 yaşlı oyunçusu Ömər Faruk Kıroğlu mövsümün ikinci yarısı üçün 0,0524 bitkoinə (440 avro) transfer olunub. "Harunustaspor"un prezidenti Haldun Şehit bu transferi ölkəyə və dünyaya səs salmaq üçün etdiklərini bildirib: "Türkiyədə və dünyada ilk dəfə müqaviləni bitkoinlə bağladıq. Bu nailiyyətlə fəxr edir və bilirik ki, Türkiyədə və kriptovalyutadan yararlanan dünyada tanınacağıq".
Qeyd edək ki, bitkoin 2009-cu ilin yanvarında elektron ödəniş sistemi kimi yaradılıb və tədricən böyük populyarlıq qazanıb. Həmin vaxtdan dünyada Litkoin, namekoin və s. kimi kriptovalyutalar ortaya çıxıb. Ötən həftə İngiltərə "Arsenal"ı kriptovalyuta sahəsində ixtisaslaşmış "CashBet"lə tərəfdaşlıq müqaviləsi imzalayıb. /Report/