Dünyada dollar bu ilin IV rübündən bahalaşmağa başlayacaq
28.03.2018 1010 0.0 0

Qlobal valyuta bazarlarında ABŞ dollarının məzənnəsi bu ilin IV rübündən artmağa başlayacaq. 

"Report"un analitik qrupu bildirir ki, bunun üçün bir sıra önəmli səbəblər var. 

İlk növbədə ABŞ-ın Federal Ehtiyat Sistemi (FED) güclənən ölkə iqtisadiyyatı fonunda uçot dərəcəsini daha sürətlə və iri addımlarla artıra bilər. Bu il artım tempinin 0,25% deyil, 0,5% olacağı proqnozlaşdırır. Son nəticədə dolların məzənnəsi kəskin arta bilər. 

Qeyd edək ki, ABŞ Prezidenti Donald Trampın vergi islahatları və gömrük rüsumlarının artırılması ilə bağlı qərarları, eləcə də Dodd-Frank qanununun ləğvi ölkədə iqtisadi və qiymət artımlarını sürətləndirəcək. Vergi islahatları ölkəyə investisiya axınına, gömrük rüsumları idxal inflyasiyasına, Dodd-Frank qanununun ləğvi isə kreditləşmənin həcmini artıraraq daxili inflyasiyaya ciddi təkan verəcək. Nəticədə, bu il ABŞ-da uçot dərəcəsi 2,75%-ə yüksələ bilər. Hazırda bu göstərici 1,75% təşkil edir.

Sadalanan səbəblər USD/EUR nisbətinin bu ilin sonuna qədər 1,15-ə, gələn il isə paritet səviyyətə qədər enməsinə gətirib çıxaracaq. 

FED 2019-cu ildə uçot dərəcəsini 3,5%-4%-ə qədər yüksəldə bilər. Bundan sonra ABŞ iqtisadiyyatında sabitlik bərpa oluna, USD/EUR nisbəti 0,95-ə düşə bilər. 

2020-ci ildə sabitləşəcək maliyyə bazarları, 2022-ci ildə növbəti faiz artımı dalğası ilə üzləşəcək. Bu zaman FED-in uçot dərəcəsini 6-8%-ə yüksəldəcəyi gözlənilir. Son nəticədə 1 avro 0,84 dollara bərabər ola bilər. 

"Report"un analitik qrupu dünya bazarında neftin 1 barelinin qiymətinin 2019-cu ildə 35 dollara, 2022-ci ildə isə 25 dollara düşəcəyini proqnozlaşdırır. Qızılın 1 unsiyasının qiyməti isə 2019-cu ildə 1 000 dollara, 2022-ci ildə isə 850 dollara düşə bilər. 

Dünya iqtisadiyyatında növbəti əsaslı inkişaf dalğası 2023-cü ildən sonra olacaq. Xatırladaq ki, iqtisadi tsiklları təhlil edən məşhur alim Nikolay Kondratyevin dalğa nəzəriyyəsinə görə isə, iqtisadi durğunluq 18 ilə yaxın davam edir. Qlobal iqtisadi böhranın 2007-ci ildə başladığı nəzərə alınarsa, gerilmə dövrü 2025-ci ildə bitməli, növbəti 25 ilin iqtisadi artım dövrü olmalıdır. 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar