Dünya Azərbaycanlıları Qurultayının iştirakçısı Azərbaycandan deportasiya olunub
13.07.2016 541 0.0 0

Ukraynanın Sumi vilayəti azərbaycanlıları Konqresinin sədri Mehriban Salmanova Azərbaycandan deportasiya olunub və bir il müddətinə ölkəyə girişinə qadağa qoyulub.
 
M. Salmanova APA-ya bildirib ki, bu onun iyunun 3-4 Bakıda keçirilən Dünya Azərbaycanlıların IV Qurultayından geri qayıdarkən baş verib.
 
O qeyd edib ki, Diasporla İş üzrə Dövlət Komitəsi tərəfindən dəvət olunduğu qurultay bitdikdən sonra ata yurdu Şəki şəhərinə baş çəkib, iyunun 12-də Bakıda hava limanından Ukraynaya geri qayıdarkən Azərbaycan Dövlət Miqrasiya Xidmətinin (DMX)  əməkdaşları ona qanunvericiliyi pozduğunu və 300 manat məbləğində cərimə olunduğunu bildiriblər.
 
M. Salmanova qanunu pozmasından xəbərsiz olduğunu, dəvət edən qurum tərəfindən ona belə bir xəbərdarlıq edilmədiyni əsas gətirərək cəriməni ödəməkdən imtina edib.
 
DMX əməkdaşları bu halda qanunvericiliyə əsasən, onun Azərbaycana girişini 1 il müddətinə məhdudlaşdıraraq Ukraynaya yola salıblar.
 
M. Salmanova isə buna etiraz olaraq Azərbaycan prezidentinə və Milli Məclisə müraciət ünvanladığını deyir: “Diasporla İş üzrə Dövlət Komitəsi məni iyunun 2-dən 5-dək müddətdə dəvət etmişdi. Ancaq mən qurultaydan sonra çoxdandır gəlmədiyim vətənimdə bir az da qalmaq istədim - iyunun 12-ə qədər. Amma mənə heç bir xəbərdarlıq olunmadı ki, 3 gündən artıq qaldığım təqdirdə qeydiyyata düşməliyəm. Hadisə barədə Komitənin Ukrayna üzrə şöbəsinə müraciət etsəm də, mənə cavab vermədilər”.
 
Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən APA-ya bildiriblər ki, bu barədə məlumatlıdırlar: “Biz əlbəttə ki, belə bir halın baş verməsindən təəssüflənirik. Lakin kimliyindən və xidmətlərindən asılı olmayaraq, hər kəs Azərbaycan Respublikasının qanunvericiliyinə əməl etməlidir. Miqrasiya Məcəlləsinin tələblərinə görə Azərbaycan Respublikasında 3 gündən artıq müvəqqəti olan əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Qurultaya dəvət olunan nümayəndələrə bu barədə xəbərdarlıq olunub. Eyni zamanda, Azərbaycan Respublikasının müvafiq dövlət orqanları da mütəmadi olaraq bu sahədə maarifləndirmə işi aparır. Biz çox istərdik ki, qurultaya dəvət olunan diaspor üzvünə bu məsələdə kömək edə bilək. Lakin heç kimin, heç bir dövlət orqanının qanunvericiliyin tələblərindən kənara çıxmaq səlahiyyəti yoxdur. Hesab edirik ki, hər bir həmvətənimiz bunu anlayışla qarşılayacaq. Xanım Mehriban Salmanova bu barədə Dövlət Komitəsinə müraciət edib və bu müraciətə qanunvericiliyə uyğun olaraq baxılır. Qanunvericilik imkan verirsə, digər müvafiq dövlət orqanları ilə məsləhətləşmələr aparılacaq və müvafiq köməklik göstəriləcək”.

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar