Təmas xəttində Azərbaycan hərbçisinin meyiti aşkarlanıb. Məlumata görə, bu barədə erməni mətbuatı məlumat yayıb.
Hərbçinin nəşi bu gecə təmas xəttində - döyüş meydanında tapılıb. Onun adı və ya hərbi rütbəsi barədə heç bir açıqlama verilməyib.
Bir neçə gün öncə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası bir Azərbaycan hərbçisinin sonrakı taleyinin aydınlaşdırılması üçün axtarış işlərinin davam etdirilməsi barədə məlumat yayıb.
Bu günə kimi “hamının-hamıya” prinsipi əsas götürülərək beynəlxalq vasitəçilərin iştirakı ilə qarşı tərəfə 18 erməni hərbi qulluqçusunun meyiti təhvil verilib.
Lakin döyüş meydanında itkin düşənlərlə bağlı axtarışlar aparılan zaman bir hərbi qulluqçumuz - kiçik gizir Baxışov Seymur Qulamhüseyn oğlunun taleyi barədə məlumat əldə etmək mümkün olmayıb.
İtkin düşən hərbi qulluqçumuzun erməni tərəfinin əlində olduğu ehtimal edilir. Ancaq qarşı tərəf onun barəsində məlumat verməkdən imtina edir və qaytarılması istiqamətində müvafiq addımlar atmır.
"Azərbaycan tərəfinin razılaşmanın tələblərinə hörmətlə yanaşdığını və şərtlərə tam əməl etdiyini nəzərə alaraq qarşı tərəfi də eyni addım atmağa dəvət edirik. Həmçinin, aidiyyəti beynəlxalq qurumları kiçik gizir S.Baxışovun taleyinə aydınlıq gətirilməsi, onun axtarılaraq yerinin müəyyən olunması və tezliklə geri qaytarılmasına köməklik göstərilməsi məsələsində prinsipiallıq nümayiş etdirməyə çağırırıq"./anspress/