Dövlət İmtahan Mərkəzi dövlət qulluğuna qəbulla bağlı qaydaları hazırlayaraq hökumətə təqdim edib. APA-nın xəbərinə görə, Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib ki, qaydalar hələlik təsdiq olunmayıb.
Onun sözlərinə görə, yeni qaydalar Nazirlər Kabineti və Ədliyyə Nazirliyinə təqdim edilib: “Bizdən asılı olan addımları atmışıq. Qaydalar təsdiq olunandan sonra dövlət qulluğuna qəbul imtahanları keçiriləcək. Dövlət qulluğuna qəbul prosedurlarının çevik olması, müasir əmək bazarında olan tələblərə cavab verməsi və bu prosesin uğurla davam etməsi vacib məsələdir. İctimaiyyət üçün iki cədvəl açıqlanacaq. Onlardan birində bütün qəbul imtahanlarının, digərində isə dövlət qulluğu imtahanlarının tarixləri əks olunacaq”.
M.Abbaszadə Bakıda keçiriləcək IV İslam Həmrəyliyi Oyunlarının qəbul imtahanlarının keçirilməsinə nə dərəcədə təsir edəcəyi barədə suallara cavab olaraq bildirib ki, imtahanların tarixləri müəyyənləşdiriləndə və razılaşdırılanda ölkədə keçirilən beynəlxalq tədbirlər nəzərə alınır: “Çalışırıq ki, Bakıda keçiriləcək beynəlxalq tədbir günlərində imtahanlar olmasın”.