Azərbaycanda özəl şirkətlər tikinti və təmir işləri üzrə iri dövlət sifarişlərinə cəlb edilməsində ciddi problem var.
Məlumata görə, Satınalmalar üzrə Dövlət Agentliyinin saytında yerləşdirilmiş tender elanlarını gözdən keçirdikdə özəl şirkətlərin, ümumiyyətlə, belə sifarişlərin yerinə yetirilməsindən kənarda qalması qənaətinə gəlmək mümkündür. Bəzi xəstəxanlar və ya bəzi rayonların icra hakimiyyətləri (İH) tərəfindən saytda yerləşdirilən tender elanları əsasən ərzaqın, ehtiyat hissələrinin və tikinti materiallarının satınalınmasını nəzərdə tutur. Tikinti və təmir işlərinin tam sifariş edilməsi üzrə elanlara isə, demək olar ki, rast gəlinmir.
2016-cı il dövlət büdcəsi xərclərinin strukturu (milyon manat, faizlə)
Bu, son illərdə dövlət büdcəsində əsaslı xərclər üçün ayrılmış vəsaitlərin statistikasına heç uyğun gəlmir. Hər il dövlət bücəsinin, demək olar ki, 30 faizi bu istiqamətdə xərclənir. 2016-cı ilin 16 milard 264 milyon manata bərabər olan dövlət büdcəsi xərclərinin də 29,7%-i, yəni 4 miylard 826 milyon manatı məhz əsaslı xərclər üçün ayrılıb.
Dövlət satınalmaları üzrə ekspert Hafiz Babalının sözlərinə görə, yetərincə yüksək olan bu məbləğin böyük hissəsi əsasən bir sıra dövlət qurumlarının birbaşa bağladığı müqavilələr əsasında xərclənir. Yəni dövlət qurumları büdcədə nəzərdə tutulmuş işləri görmək üçün şirkətləri tendersiz seçirlər və dövlət pulları seçilmiş şirkətlərə birbaşa müqavilələr əsasında verilir.
“Bəzi qurumlar istisnadır, məsələn, su təchizatı ilə bağlı görülən işlərin əksəriyyəti tenderlə görülür. Düzdür, həmin layihələri də çox vaxt eyni şirkət həyata keçirir. Amma, hər halda, onu tenderlə seçirlər. Bir də xarici bankların iştirakı ilə həyata keçirilən layihələrdə tender məcburidir”, - deyə Hafiz Babalı bildirib.
Ekspertin fikrincə, bəzi cari işlərinin tenderlə görülməsi mümkün deyil: “Tutaq ki, hardasa yol təmir olunmalıdır, yaxud enerji şəbəkəsində qəza aradan qaldırılmalıdır və s. Bunu necə tenderlə həyata keçirmək olar?”
Amma Hafiz Babalı bu işlərdə də bəzi qanunvericilik limitinin olmasını bildirir: “Qanuna görə, 50 min manatdan artıq olan dövlət satınalmaları tender yolu ilə həll edilməlidir. Təmir işləri də adətən 50 min manatdan az tutur. Həm də dövlətin payının 30 faizdən çox olduğu bütün şirkətlərin gördüyü işlər tender yolu ilə həyata keçirilməlidir”.
Hafiz Babalı - dövlət satınalmaları üzrə ekspert
Bəzi dövlət qurumlarına və şirkətlərə birbaşa müqavilələr bağlamaq icazəsi onları passiv fəaliyyətdən uzuqlaşdırmaq məqsədi ilə verilib. Məhz bu icazədən sonra bu qurumlar hər ilin sonunda daha çox iş görmək üçün daha çox sifarişlər verməyə başlayıblar.
Lakin Nazirlər Kabinetində 2015-ci ilin sosial-iqtisadi inkişafının yekunları ilə bağlı geçirilən iclasda çıxış edən prezident İlham Əliyev bu praktikanın əlverişsiz olduğunu bildirib və bunu dayandırmağı tələb edib: “Orada monopoliya, inhisarçılıq yaranır, qiymətlər şişirdilir. Açıq tender elan olunmalıdır. Tenderlərdə qalib gələn şirkətlər bu və ya digər layihəni icra etməlidir”,- deyə prezident bu addımın səbəblərini izah edib.
Prezident tenderlərdə daha çox yerli şirkətlərə üstünlük verməyə çağırıb: “Yerli şirkətlərə üstünlük verilməlidir, xarici şirkətlər iştirak etmək istəyirlərsə, onlar da iştirak etsinlər. Kim daha ucuz qiymətə daha keyfiyyətli tikərsə tiksin”.
İlham Əliyev həyata keçiriləcək layihələrdə şəffaflığa riayət etməyi tələb edib: “Açıq olmalıdır, bizdə indi kimin imkanı, texnikası, təcrübəsi var, yerli, xarici şirkətlər iştirak etsinlər. Burada şəffaflıq tam təmin olunmalıdır”.
Bununla da, ölkə başçısı həm dövlət vəsaitləri ilə daha çox iş görülməsi, həm də özəl şirkətlərə yeni iş imkanlarının yaradılması üçün əlverişli olacaq yeni dönəmə start verib. Bu, həm də Azərbaycana daha rentabelli büdcə təsərrüfatçılığı təcrübəsi qazandıracaq. Daha səmərəli xərclənən pullar yeni-yeni iş yerlərinin açılmasına səbəb olacaq. /anspress/