“Bir sıra dövlət orqanlarının fəaliyyətində dövlət qulluğuna dair qanunvericiliyin tələblərinin pozulması faktları müəyyən olunub”. Məlumata görə, bu barədə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın (DQMK) illik hesabatında bildirilib.
Hesabatda bildirilib ki, hesabat dövrü ərzində bəzi mərkəzi icra hakimiyyəti orqanlarının aparatlarında və yerli bölmələrində, yerli icra hakimiyyəti orqanlarında və məhkəmələrdə inzibati vəzifələrin beşinci-yeddinci təsnifatlarına uyğun olan vakant vəzifələr olduğu halda, qanunvericiliyə uyğun olaraq müvafiq vəzifələrin tutulması ilə bağlı müsabiqənin və ümumi müsahibənin keçirilməsi barədə qərar qəbul edilmədiyi müəyyən edilib: “26 sentyabr, 17 oktyabr, 4 və 14 noyabr 2014-cü il tarixlərdə elan edilmiş və 2015-ci ildə yekunlaşmış müsabiqələrdən müvəffəqiyyətlə keçmiş namizədlərlə bağlı qərarın qəbul edilməsi bir sıra mərkəzi icra hakimiyyəti orqanları, mərkəzi icra hakimiyyəti orqanlarının yanında yaradılan dövlət agentlik və dövlət xidmətləri, məhkəmələr tərəfindən gecikdirilib. Bununla da “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 28.6-cı maddəsinin birinci hissəsinin tələbləri pozulub. Dövlət orqanları tərəfindən dövlət qulluğuna dair qanunvericiliyin tələblərinin pozulması hallarının aradan qaldırılması ilə bağlı müvafiq tədbirlər görülüb, mərkəzi icra hakimiyyəti, apellyasiya və birinci instansiya məhkəmə orqanlarına məktub göndərilərək dövlət qulluğuna dair qanunvericiliyin düzgün tətbiqinin təmin edilməsi, bu sahədə yol verilən pozuntu və nöqsanların aradan qaldırılması xahiş edilib”.
Hesabatda qeyd olunub ki, qanunvericiliyin tətbiqi vəziyyəti öyrənilərkən bir yerli icra hakimiyyəti orqanı tərəfindən “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 28.2-ci maddəsinin və 29.2-ci maddəsinin dördüncü hissəsinin tələblərinin pozulması faktı müəyyən edilib və pozuntunun aradan qaldırılması məqsədilə məktub göndərilib./apa/