Dövlət Məşğulluq Xidməti əmək yarmarkası keçirib
27.11.2015 621 0.0 0

Dövlət Məşğulluq Xidməti tərəfindən tələbə və məzunların əmək bazarına inteqrasiyası məqsədilə aktiv məşğulluq tədbiri keçirilib

   Qazeta.info Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) məlumatına əsasən bildirir ki, ƏƏSMN yanında Dövlət Məşğulluq Xidməti tərəfindən tələbə və məzunların əmək bazarına inteqrasiyası məqsədilə «Karyerada ilk addım» devizi altında növbəti aktiv məşğulluq tədbiri  Odlar Yurdu Universitetində keçirilib. 
   Tədbir iştirakçıları təqdim edilən boş iş yerləri, onların tələbə və məzunların yiyələndikləri ixtisaslar üçün münasib olması ilə tanış olublar. Bildirilib ki, Dövlət Məşğulluq Xidməti tərəfindən təşkil olunan bu aktiv məşğulluq tədbirləri tələbə və məzunların əmək bazarına inteqrasiyasına, onların gələcək karyeralarının qurulmasına dəstək xarakteri daşıyır. Bu tədbirlərin tələbə və məzunlarla işəgötürənlər arasında ilkin əlaqələrin qurulmasında, onların öz ixtisas və bacarıq səviyyələrini işəgötürənlərə təqdim etmələri üçün lazımi şəraitin yaradılmasında mühüm rol oynadığı vurğulanıb.
   Aktiv məşğulluq tədbirində 11-i  dövlət, 53-ü özəl sektora aid ümumilikdə 64 müəssisə tərəfindən  379 boş (vakant) iş yeri tələbə və məzunların seçiminə təqdim edilib. Həmin boş iş yerlərinin 328-i özəl müəssisələrə aid olub. Tələbə və məzunlar işəgötürənlərlə ünsiyyət şəraitində əmək bazarı barədə məlumatlanıblar. Həmçinin işəgötürənlər gələcəkdə ixtisaslı kadrların seçimini aparmaq imkanı əldə edib, bununla əlaqədar tələbə və məzunlardan onlara dair şəxsi məlumatları (CV) qəbul ediblər. Tədbirdə boş (vakant) iş yerlərinə göndərişlər verilib, ixtisasartırma  kurslarına cəlb edilmək istəyənlərin qeydiyyatı aparılıb. Boş vaxtları ərzində müvəqqəti xarakterli işlərlə təmin olunmaq istəyənlər isə Əmək Birjası tərəfindən qeydiyyata alınıb.
   Cari ilin ötən dövründə respublikamızın 8 ali təhsil müəssisəsində «Karyerada ilk addım» devizi altında aktiv məşğulluq tədbirləri keçirilib. Bu tədbirlərdə 300 nəfərə boş (vakant) iş yerlərinə göndəriş verilib, 2260 nəfər tələbə və məzun tərəfindən işəgötürənlərə özləri barədə şəxsi məlumatlar (CV) verilib.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar