Türkiyədə bu il iyunun 7-də keçirilən parlament seçkisindən sonra ən qətiyyətli mövqe nümayiş etdirən MHP sədri Dövlət Baxçalının bütün planları yerlə-yeksan olub. Məlumata görə, seçkidən sonra heç bir koalisiyada və HDP ilə heç bir şəkildə eyni tavan altında olmayacağını açıqlayan Baxçalının planları pozulub. Belə ki, baş nazir Əhməd Davudoğlunun müvəqqəti hökuməti qurmaq məqsədi ilə MHP üzvü Tuğrul Türkeşə göndərdiyi nazirlik təklifi qəbul olunub. Tuğrul Türkeşin bu addımı MHP sədrinin indiyə qədər göstərdiyi prinsipiallığı da pozub. Dövlət Baxçalı sosial şəbəkədə yazdığı tvitlərlə Türkeşi xəyanətdə ittiham etsə də HDP-nin də daxil olduğu koalisiyanın üzvü oldu.
Tuğrul Türkeş
Tuğrul Türkeşə veriləcək vəzifə dəqiq məlum olmasa da bu barədə Ankara kulvarlarında bəzi iddialar dolaşmağa başlayıb. Baş nazir Əhməd Davudoğlunun Tuğrul Türkeşə baş nazirin müavini vəzifəsini təklif edəcəyi iddia olunur.
Qeyd edək ki, baş nazirin nazirlər kabinetinin üzvü olmaq təklifini qəbul etməsindən sonra Davudoğlu zəng vuraraq Türkeşə təşəkkürünü bildirib.
İyunun 7-də keçirilən parlament seçkisindən sonra Əhməd Davudoğlu ilə Dövlət Baxçalı arasında 2 dəfə görüş baş tutsa da MHP sədri hər dəfə koalisiya ortağı olmaq istəmədiyini açıqlayıb.
Xatırladaq ki, iyunun 7-də Türkiyədə parlament seçkisi keçirilib. Parlamentə girməyə müvəffəq olan 4 siyasi partiyanın heç biri tək başına hökumət quracaq qədər millət vəkili əldə etməyib. 550 yerli Türkiyə Böyük Millət Məclisinə AKP 258, CHP 132, MHP və HDP hər biri 80 millət vəkili ilə daxil olub. Təkbaşına hökumət qurmaq üçün bir partiyanın 276 millət vəkilinə ehtiyacı olduğundan hazırda ölkədə koalisiya hökuməti qurulması barədə qızğın müzakirələr gedir. /anspress/