Ağ Evdən hələlik bu təklifə cavab verilməyib
Nyu-Yorkdakı Quggenhaym muzeyi ABŞ prezidenti Donald Trampa qızıl unitaz təklif edib.
Bu barədə Washington Post-a istinadən məlumat verilir.
Məlumata görə, prezident Tramp və onun həyat yoldaşı Melaniya muzeydən görkəmli holland rəssamı Vinsent Van Qoqun "Qarlı mənzərə" (1888-ci il) əsərini icarəyə istəyiblər. Lakin muzey rəhbərliyi onlara rədd cavabı verib və Maurisio Kattelanın əl işi olan üzəri qızılla örtülmüş unitazı icarəyə verə biləcəyini bəyan edib.
"Sərginin bağlanması ilə əlaqədar Maurisio Kattelan öz əsərini Ağ Evə uzunmüddətli icarəyə verməyə hazırdır. Əlbəttə, unitaz çox qiymətli və nisbətən kövrəkdir, lakin biz quraşdırılıma və istifadəyə dair təlimatı da təqdim etməyə hazırıq" — muzey nümayəndələrinin Trampa göndərdikləri məktubda deyilir.
Ağ Evdən hələlik bu təklifə cavab verilməyib. /Sputnik.az/