Dollardan imtina nə qədər realdır? - Fikrət Yusifov
08.12.2016 1266 0.0 0

Artıq illərdir ayrı-ayrı ölkələrin rəhbərləri tərəfindən beynəlxalq hesablaşmalarda ABŞ dollarından imtina etmək barədə çağırışlar edilir. Lakin hələ ki, bu asılılıqdan qurtulmaq heç bir ölkəyə müyəssər olmayıb. Bu günlərdə Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğan da belə bir bəyanatla çıxış etdi. Hətta iş o yerə gəlib çatdı ki, Ərdoğanın çağırışına qoşulan insanlar valyutadəyişmə məntəqələrinə üz tutaraq, yastıq altındakı dollarları lirəyə çevirməyə başladılar. Bununla da Türkiyə lirəsinin dəyərdən düşməsinin qarşısı müvəqqəti olsa da alındı. Türk insanının vətənpərvərlik hisslərinin nə qədər güclü olduğunu hər birimiz bilirik. Digər tərəfdən Türkiyə bu məsələdə tək deyil. Onun kursunu Rusiya, Çin, İran kimi qüdrətli dövlətlər də dəstəkləyir. Azərbaycanda da hər kəs maliyyə sistemimizin bu qədər dollarlaşdığı bir durumda, dollar bəlasından xilas olmağın yollarını axtarır. Rusiya Prezidenti Vladimir Putin hələ keçən il bununla bağlı parlamentə qanun layihəsi də təqdim etmişdi.  Lakin dollar  asılılığından qurtarmaq deyilən qədər də asan olmur. Bəs bunun səbəbi nədir? Nə üçün bir ölkə deyil, hətta nəhəng bir neçə ölkələr bir araya gələrək dollar asılılığından qurtula bilmirlər? Bütün bu suallara daha aydın cavab tapmaq üçün tarixə qısa bir ekskursiya kifayət edər.

 

ABŞ dollarının dünya maliyyə sistemindəki hegemonluğa başlamasına qədər bir əsrdən çox olan dövrdə - yəni 1840-ci ildən 1944 – cü ilə qədərki dövrdə bu rol, ingilis funt sterlinqinə məxsus olmuşdu. Funt sterlinqin dünya valyutası ola bilməsinin əsas səbəbi isə həmin dövrdə çoxsaylı İngilis kaloniyalarında funt sterlinqdən istifadə edilməsi idi.

1944-cü ilin iyul ayında ABŞ-n Bretton-Vuds kurort şəhərciyində keçirilən beynəlxalq maliyə konfransında qızılın bir unsiyasının qiyməti 35 ABŞ dolları səviyyəsində müəyyən olundu, ABŞ dolları isə həm beynəlxalq hesablaşmalar və həm də valyuta ehtiyatları üçün əsas valyuta kimi müəyyən edildi. ABŞ dollarının hegemonluq mövqeyinə çıxması təkcə ABŞ-ın həmin dövrdəki böyük qızıl ehtiyatları ilə bağlı deyildi. O dövr müharibə nəticəsində Avropa ölkələrinin əksəriyyətinin iqtisadiyyatı iflic vəziyyətə düşmüş, qoca qitənin qızıl ehtiyatlarının böyük bir qismi isə ABŞ-a axıdılmışdı. Digər tərəfdən müharibədən daha az zərər görən ABŞ iqtisadiyyatı kifayət qədər güclənə bilmişdi. İkinci dünya müharibəsindən sonrakı dövrdə bütün ölkələr çalışırdılar ki, xaricə daha çox məhsul satmaq yolu ilə öz valyuta-qızıl ehtiyatlarını artırsınlar. Bu zaman ABŞ-ın mövqeyi hər bir ölkənin mövqeyindən daha üstün idi. O sadəcə çapı xəzinəyə 12 sentə başa gələn 100 dollarlıq küpürləri ixrac etmək yolu ilə küllü qazanc əldə edirdi. Lakin zaman keçdikcə ABŞ-ın qızıl ehtiyatları azalmağa başladı. Çünki dolların qızıl təminatının olması səbəbindən Fransa və Almaniya kimi ölkələr  onu qızıla dəyişməkdə təkid edirdilər. Bunun hansı nəticələrə aparıb çıxara biləcəyinin fərqində olan Birləşmiş Ştatların rəhbərliyi 1971-ci ildə birtərəfli qaydada Bretton-Vuds razılaşmasının şərtlərini pozaraq dolları rəsmi qaydada müəyyən edilmiş kursla qızıla dəyişməkdən imtina etdi. Bununla da ABŞ özünün maliyyə dayanıqlığının heç də yaxşı olmadığını hər kəsə göstərdi. Lakin buna baxmayaraq dollar yenə də beynəlxalq hesablaşmalarda əsas valyuta rolunda qalmaqda davam etdi.

 Bu gün beynəlxalq hesablaşmaların 60 faizə qədərinin dollarla həyata keçirilməsi və ölkələrin valyuta ehtiyatlarının 63 faizdən çoxunun dollarda saxlanması bu valyutanın dünya maliyyə sistemindəki hegemonluğunun səviyyəsindən xəbər verir. Düzdür 1971-ci ildən sonra beynəlxalq hesablaşmalarda ingilis funt sterlinqindən, alman markasından, yapon ienindən və başqa digər valyutalardan da istifadə olunur. Lakin bir böyük həqiqət bundan ibarətdir ki, bu gün ABŞ dolları tək bir ölkənin valyutası deyil, o eyni zamanda başqa ölkələrin valyutalarının dəyərini müəyyən edən bir tərəzidir. Dünya iqtisadiyyatının ¼-nə sahib olan bir ölkənin milli valyutasının likvidliyi isə dünyanın bütün ölkələrində mövcuddur. Ona görə də ABŞ dollarına olan “sevgidən” imtina etmək yaxın gələcəkdə heç bir ölkənin – xüsusilədə inkişaf etməkdə olan ölkələrin maliyyə sisteminin ondan asılılığını aradan qaldıra bilməyəcək. Bunun daha çox zamana ehtiyacı var.  

 

Fikrət Yusifov

İqtisad elmləri doktoru,

professor


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar