“Azərbaycanda manatın yeni devalvasiyası qaçılmazdır. Əgər neftin qiyməti əvvəlki səviyyədə qalsa, manatın dollara nisbətən daha bir neçə punkt ucuzlaşacağı gözlənilir”.
Qazeta.info bildirir ki, bunu virtualaz.org saytına açıqlamasında iqtisadiyyat nazirinin sabiq müavini, iqtisad elmləri doktoru Oqtay Haqverdiyev deyib.
Mərkəzi Bankın sədri Elman Rüstəmovun üzən məzənnə kursuna keçidə hazırlıqla bağlı bugünkü açıqlamasını şərh edən iqtisadçı bildirib ki, manatın devalvasiyası ilə bağlı nəsə baş versə, bu, yalnız dövlət büdcəsinə yenidən baxılandan sonra olacaq: “Bunun nə vaxt - mayda, yoxsa iyunda baş verəcəyini indidən söyləmək çətindir”.
O.Haqverdiyev deyir ki, “üzən məzənnə” termini manatın kursunun bazar tərəfindən müəyyənləşdiriləcəyi deməkdir: “Falabaxanlıq eləyib manatın bazar dəyərinin nə qədər olacağını deyə bilmərəm. Amma 1 dollar hətta 3-5 manata qədər də bahalaşa bilər. Bir çox ölkələr bu yolu keçiblər. Görünür, biz də keçməliyik”.
Bununla belə O.Haqverdiyev hesab edir ki, Azərbaycan hələlik növbəti devalvasiyaya getmir və manatın kursunu saxlayır: “Lakin bu da əbədi davam edə bilməz. Neftin qiymətlərinin düşdüyü və qlobal iqtisadi böhranın davam etdiyi indiki vaxtda ölkənin valyuta ehtiyatlarını qoruyub saxlamaq lazımdır. Bu pulları manatın kursunu saxlamağa xərcləməyin nə mənası var?!”