Doğuşda ölən körpənin həkimi: Səbəbini bilmirik
06.02.2016 683 0.0 0

"Sumqayıtda 1 saylı doğum evində doğuş zamanı uşağın hansı səbəbdən öldüyü tibbi ekspertizanın rəyindən sonra bəlli olacaq".
Bunu 1 saylı Sumqayıt şəhər doğum evinin baş həkim Sevda İsgəndərli deyib. Onun sözlərinə görə, uşağın meyiti gecə ikən ekspertizaya göndərilib.

"Uşaq doğuş zamanı ölüb, amma bu ölüm doğuşla bağlı deyil. Biz səbəbin nə olduğunu dəqiq deyə bilmərik, bu patalogiya, ürək qüsuru və s. ola bilər. Ona görə səbəb ancaq ekspertizanın verdiyi qərardan sonra bəlli olacaq", - deyə həkim bildirib.

Sevda İsgəndərli qeyd edib ki, uşağın öldüyünü biləndən sonra qohumlar etiraz edib, həkimlərə hücum ediblər, ona görə ananı evə aparıblar. "Ananın vəziyyəti yaxşıdır, sadəcə, qohumlar çox aqressiv, davakar olduğundan ananı apardılar. Amma evdə qadın xəstəxanasının həkimi tərəfindən nəzarətdədir, lazım gələrsə, stasionar şöbədən də həkim gedəcək". 

 

Ötən gün Sumqayıtda 1 saylı doğum evində doğuş zamanı körpə ölüb. Ananın qohumları bu hadisə haqqında məlumat veriblər. 
Sumqayıt sakini, 1987-ci il təvəllüdlü Səmədova Samirə xəstəxanaya 3 gün əvvəl daxil olub. Uşağın atası Səmədov Sakit və Samirənin bu, ikinci evliliyidir. Bu, gənc ananın ikinci hamiləliyi olub. 

Xatırladaq ki, ötən il sumqayıtlılar Sumqayıtda fəaliyyət göstərən 1 və 2 saylı doğum evlərinin fəaliyyətindəki nöqsan və çatışmazlıqlar barədə dəfələrlə narazılıqlar ediblər. Bu sahədəki vəziyyət o dərəcədə ciddi olub ki, hətta hər iki doğum evinin baş həkiminin işdən azad edilməsi məsələsi də gündəmdə olub.

Məsələni araşdıran Səhiyyə Nazirliyi ötən ilin noyabr ayında Sumqayıt şəhər 2 saylı Doğum evinin baş həkimi Ələkbərova İmmi İsmayıl qızını işdən azad edib.
Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova deyib ki, hər iki xəstəxanada aparılan monitorinqlər zamanı aşkar olunan bütün nöqsanlar aradan qaldırılıb. Sumqayıt şəhər 2 saylı Doğum evinin baş həkimi Ələkbərova İmmi İsmayıl qızı öz ərizəsi ilə işdən çıxıb. 

Amma 1 saylı doğum evinin baş həkiminin işdən azad olunub-olunmaması barədə isə heç bir məlumat verilməyib./anspress/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar