Ermənistanın baş naziri Nikol Paşinyan mayın 1-də Yerevanda rusiyalı həmkarı Dmitri Medvedevlə keçirdiyi görüşdəki davranışına görə ölkə ictimaiyyətinin tənqidi ilə üzləşib.
Bildirək ki, bunu “Novosti Armeniya” yazıb.
Ermənistanın Rəqabətədavamlıllıq üzrə Milli Şurasının üzvü Avetik Çələbyan bildirib ki, Rusiyanın baş naziri Dmitri Medvedevin davranışı iki ölkə arasındakı dostluq münasibətlərində ən azı ümidsizlik yaradır və qınanmalıdır. Onun sözlərinə görə, Rusiya hökumətinin başçısı Yerevandakı görüşdə davranışı ilə təhqirə yol verib: “Rusiya rəhbərliyi buna görə izahat verməlidir”.
O, Ermənistanın baş naziri Nikol Paşinyanı da dövlət dilində danışmadığı üçün tənqid edib: “Baş nazir xüsusi ilə Ermənistan ərazisində dövlət dilində danışmalıdır. Qonaqlar üçün keyfiyyətli soinxron tərcümə mövcuddur”.
A.Çələbyan vurğulayıb ki, Ermənistan ilk dəfə deyil Avrasiya İqtisadi İttifaqında təzyiqə məruz qalır.
O, Qazaxıstanın keçmiş Prezidenti Nursultan Nazarbayev və Belarusun dövlət başçısı Aleksandr Lukaşenkonun Ermənistan hakimiyyətini əvvəllər də tənqid etdiyini vurğulayıb.
N.Paşinyanın tərəfdarları isə Rusiya baş nazirinin davranışını “Velikorus şovinizminin növbəti görüntüsü”, “Rusiya elitasında Medvedevin çatışmayan çəkisi”, “Rusiya baş nazirinin tərbiyəsizliyi” kimi belə qiymətləndiriblər.
Qeyd edək ki, Yerevanda Avrasiya İqtisadi İttifaqının Hökumətlərarası Şurasının iclası keçirilib. D.Medvedevin toplantıda N.Paşinyanın sualına verdiyi cavabla mətbuatın gündəminə düşüb.
Həmin görüşdə Nikol Paşinyan deyib: “Başqa sual yoxdursa, biz keçə bilərik?” D.Medvedev sualı belə cavablandırıb: “Yox”. Rusiyanın hökumət başçısı bu ifadənin sərtliyini yumşaltmaq üçün zarafat etməyə səy göstərib: “Bəs, hara keçirik?” N.Paşinyan isə pərt halda deyib: “İmzalanma proseduramıza”. Rusiyanın zaldakı nümayəndə heyətinin üzvləri isə N.Paşinyanın düşdüyü vəziyyətə gülüblər. /report/