Azərbaycanda dini ekstremizm əleyhinə xüsusi əməliyyatların aparılması zamanı hüquqi rejimin tələblərini pozanlar-əməliyyat ərazisində giriş-çıxışa mane olanlar, ərazidən lazım olduğu təqdirdə köçürülmə tələblərinə tabe olmayanlar, nəqliyyat vasitələrin yoxlanmasına mane olanlar, yoxlanışlardan imtina edənlər və sair hərəkətlərə yol verənlər cəzalandırılacaq. Milli Məclisdən verilən məlumata görə, bununla bağlı Azərbaycan prezidentinin təqdimatı ilə İnzibati Xətalar Məcəlləsinə yeni 517-1 maddəsinin əlavə edilməsi təklif edilir.
Yeni maddəyə görə, dini ekstremizm əleyhinə xüsusi əməliyyatın aparılma zonasında nəqliyyat vasitələrinin, piyadaların hərəkətini müvəqqəti məhdudlaşdıran və ya qadağan edən tədbirlərin tətbiqinə, ərazinin müəyyən sahələrinə, obyektlərə nəqliyyat vasitələrini, piyadaları buraxmamağa maneçilik törətməyə görə, fiziki şəxslər 50 manatdan 80 manata qədər cərimə olunacaq, işin halları və pozuntu törədəninin şəxsiyyəti nəzərə alınmaqla bu cəzanın tətbiqi kifayət etmədikdə 15 günədək inzibati həbs ediləcəklər. Vəzifəli şəxslər 450 manatdan 600 manata qədər, hüquqi şəxslər isə 2000 manatdan 3000 manata qədər cərimələnəcəklər.
Eyni cəzalar dini ekstremizm əleyhinə xüsusi əməliyyatın aparılma zonasında fiziki şəxslərin şəxsiyyətini təsdiq edən sənədlər olmadan, onların günün müəyyən edilmiş vaxtında küçələrdə və ya digər ictimai yerlərdə olmasına görə də tətbiq ediləcək.
Maddəyə əsasən eyni cəzalar dini ekstremizm əleyhinə xüsusi əməliyyatın aparılma zonasına giriş və ya bu zonadan çıxış zamanı fiziki şəxslərə, onların əşyalarına, nəqliyyat vasitələrinə və ya nəqliyyat vasitələrində olan əşyalara texniki vasitələr tətbiq etməklə baxış keçirməyə maneçilik törətməyə görə də tətbiq edilməlidir.
Qeyd olunan cəzalar eyni zamanda dini ekstremizm əleyhinə xüsusi əməliyyatın aparılması məqsədi ilə fiziki şəxslərin mənzilinə və digər yaşayış yerlərinə, onların torpaq sahələrinə, nəqliyyat vasitələrinə, habelə mülkiyyət formasından asılı olmayaraq hüquqi şəxslərin ərazilərinə, binalarına, nəqliyyat vasitələrinə daxil olmağa maneçilik törədilməsinə görə tətbiq olunacaq.
Maddədə digər buna bənzər hallara görə də eyni cəzaların tətbiq olunması təsbit olunub.
Layihə Milli Məclisə təqdim edilib./apa/