Dilqəm Əsgərovun yeni şok görüntüsü (VİDEO)
15.07.2015 1110 0.0 0

 

Kəlbəcərə yaxınlarının məzarını ziyarətə gedərkən girov düşən Dilqəm Əsgərov və Şahbaz Quliyevin "məhkəmə" prosesi zamanı lentə alınan yeni görüntüsü ortaya çıxıb. 

Dilqəm Əsgərovun oğlu Kürdoğlu ANS PRESS-in redaksiyası ilə əlaqə saxlayaraq sözügedən video materialı təqdim edib. Onun sözlərinə görə, bu videoda ermənilərin gizlətməyə çalışdığı bəzi məsələlər gün üzünə çıxıb. 

 

 

Dilqəm Əsgərov və Dilqəm Əsgərov və Şahbaz Quliyevin qondarma məhkəməsi (Xankəndi)


Atasının "məhkəmə" zalına axsayaraq girdiyini deyən Kürdoğlu, Dilqəm Əsgərova işgəncə verildiyini düşünür. Əldə etdiyimiz bu görüntü "Azadlıq Radiosu"nun İrəvan bürosu tərəfindən çəkilib. Kürdoğlunun fikrincə, bu çəkiliş təxminən 1-2 ay öncə qeydə alınıb:

"Videodan aydın olur ki, mənim atam axsayaraq gəzir. Görünür ona qarşı qəddar davranırlar. Mən onun səhhətinin yaxşı olduğuna inanmıram. Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) bizə verdiyi məktubda yazılır ki, hər şey qaydasındadır. Ancaq mən bu deyilənlərə şübhə edirəm", - deyə Kürdoğlu əlavə edib. 

Beynəlxalq Qızıl Xaç Komitəsindən isə bildirilir ki, komitə baş çəkdiyi şəxslərin sağlamlıq durumu ilə bağlı məsələləri ictimaiyyətə açıqlamır.

Ancaq kadrlardan göründüyü kimi Dilqəm Əsgərov bir əli ilə ayağını tutur və axsayaraq, çətinliklə gəzir. Bu görüntülər Ermənistan tərəfinin beynəlxalq normaları və insan hüquqlarını kobud şəkildə pozduğunun əyani sübutudur. Bir ildən çoxdur ki, öz doğma torpaqlarında həbs olunan azərbaycanlılara qarşı işgəncələrin edilməsi şəkillərdən də məlum olur. 

 

Ermənilər girov götürdükləri azərbaycanlıların son fotolarını qondarma məhkəmə prosesi zamanı yaymışdılar. Həmin fotolardan da onlarla münasibətin neçə olduğunu açıq-aşkar görmək mümkündür. Girovlar həddindən artıq arıqlamış formada, səliqəsiz geyimdə olublar.

 


Azərbaycanlı girov Dilqəm Əsgərovun qondarma məhkəmə zamanı çəkilən fotosu

 

Ailələri belə qondarma məhkəmə prosesi zamanı Dilqəm və Şahbazı tanıya bilmədiklərini demişdilər. K.Əsgərov oktyabr ayında ANS PRESS-ə açıqlamasında atasının bir dəri, biri sümük olduğunu demişdi. “4 aydır atama çörək vermirlər. Televiziyada görəndə onu tanımadım. Çox dəyişib, arıqlayıb. Hiss olunur ki, səhhətində böyük problemlər var”.

Dekabr ayında kəlbəcərli girovlar üzərində qurulan qondarma məhkəmə prosesinin qərarı ilə Dilqəm Əsgərov ömürlük, Ş.Quliyev isə 22 il müddətinə azadlıqdan məhrum edilib. Hazırda onlar Şuşa həbsxanasında saxlanılırlar. 

Girovlarla bağlı bir çox beynəlxalq quruma müraciətlər edilib, ərizə Avropa İnsan Hüquqları Məhkəməsinə göndərilib. Lakin hələlik bu ərizəyə heç bir cavab gəlməyib. 

Kəlbəcər rayonu ərazisində Ermənistan silahlı qüvvələri tərəfindən girov götürülən Dilqəm Əsgərovun həyat yoldaşı Firuzə Əsgərova, oğlu Kürdoğlu Əsgərov və Şahbaz Quliyevin həyat yoldaşı Albina Veselova Rusiya prezidenti Vladimir Putinə və Rusiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri və Vladimir Doroxinə müraciət ediblər.

Beynəlxalq Qızıl Xaç Komitəsinin nümayəndəliyi müntəzəm olaraq girovlara baş çəkir. Girovların məktublarını ailələrinə çatdırırlar. Dilqəm və Şahbaz adətən məktublarında normal olduqlarını qeyd edirlər. Lakin bəzi hallarda məktubda bəzi cümlələr qaralanmış formada olur. 

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar