Türkiyəli alim, filologiya elmləri doktoru Yusif Gədiklinin “Dillerin şifresi” adlı kitabının birinci cildi çapdan çıxıb. Türkiyə bürosunun xəbərinə görə, 3 cilddən ibarət olacaq kitabın nəzəri qismini təşkil edən birinci cildində (464 səhifə) dünya dillərindəki kəlmələrin mənşəyinin araşdırılması üçün müəllifin metodologiyası və yanaşma tərzi öz əksini tapıb. Kitabın ikinci cildində türk dillərindəki, üçüncü cildində isə Hind-Avropa və Sami ailəsinə daxil olan dillərdəki sözlərin mənşəyi tədqiq ediləcək.
Kitabın çıxması münasibəti ilə açıqlama verən filologiya elmləri doktoru Yusif Gədikli əsər üzərində uzun müddət çalışdığını bildirib: “Özüm barədə danışmağı sevmirəm, amma bu əsərim barədə demək istərdim ki, Türk və dünya dillərindəki sözlərin mənşəyinin araşdırılması üçün kəşf etdiyim metodologiyaya görə iddialıyam. Əminliklə deyə bilərəm ki, mənim inkişaf etdirdiyim metodologiyadan istifadə edənlər dünya dillərindəki sözlərin etimoloji mənşəyinin araşdırılmasında uğur qazanacaqlar”.
Qeyd edək ki, Yusif Gədikli Azərbaycanın ədəbiyyatının Türkiyədə tanınmasında önəmli rol oynayan alim-tərcüməçidir. 1954-cü ildə Trabzon vilayətinin Akçaabat qəsəbəsində anadan olmuş Yusif Gədikli 1978-ci ildə Ərzurum universitetinin dil-ədəbiyyat fakültəsindən məzun olarkən “Hüseyn Cavidin “İblis” pyesi” mövzusunda diplom işi yazıb. Yusif və Fəthi Gədikli qardaşları 1983-cü ildə Türkcə “Azerbaycan şiir antolojisi”nı çap etidiriblər. Həmin il Yusif Gədikli Hüseyn Cavidin 4 cilddən ibarət əsərlərini çapa hazırlayıb. Daha sonra Cənubi Azərbaycan ədəbiyyatının çap və tədqiqinə yönələn Yusif Gədikli 1990-cı ildə “Şehriyar: tüm Türkçe şiirleri” adlı kitabı oxuculara təqdim edib. Keçən əsrin 90-cı illərindən bu günə qədər Azərbaycan ədəbiyyatı, ədəbiyyatşünaslığı və dilçiliyindən 30-a yaxın əsəri Türkcəyə çevirən Yusif Gədikli 1996-cı AMEA Nizami adına Ədəbiyyat institutunun elmi şurasında “Şəhriyarın türkcə şeirlərinin poetik xüsusiyyətləri” mövzusunda doktorluq dissertasiyası müdafiə edərək alimlik dərəcəsi alıb./apa/