“Martın 1-ə keçən gecə Bakının Nardaran qəsəbəsinin küçələrində divarlara naməlum şəxslər tərəfindən dini şüarlar yazılıb”. Bunu açıqlamasında Nardaran sakini Hacıağa Nuri deyib.
O bildirib ki, naməlum şəxslər boya ilə silinmiş dini şüarların üzərindən “Allahu Əkbər”, “Ya Əli” və müxtəlif dini şüarlar yazıblar. Onun sözlərinə görə, hadisə ilə bağlı polis araşdırmalara başlayıb, saxlanılanlar var: “Polislər hadisədən xəbər tutduqdan sonra sakinləri 42-ci polis bölməsində ifadə verməyə çağırıblar. Saxlanılan zaman polisə müqavimətə görə 8 nəfərə inzibati qaydada 15-20 sutka həbs verilib. Saxlanılan 32 nəfərdən 30-u ifadəsi alındıqdan sonra sərbəst buraxılıb”.
H.Nuri qeyd edib ki, baş verən hadisə ilə bağlı Bakı Şəhər Baş Polis İdarəsi, Sabunçu Rayon Polis İdarəsinin vəzifəli şəxsləri və 42-ci polis bölməsinin rəisi ilə kənd ağsaqqalları arasında görüş keçirilib: “Görüş zamanı biz bu hadisəni qətiyyətlə pislədik və təxribat olduğunu dedik. Biz də bu hadisəni törədənlərin tezliklə müəyyənləşib aşkara çıxarılmasını istəyirik”.
Nazirliyin mətbuat xidmətinin rəis müavini Ehsan Zahidov isə açıqlamasında bildirib ki, son günlər Sabunçu rayonunun Nardaran qəsəbəsində, bəzi KİV-in iddia etdiyinin əksinə olaraq, daxili işlər orqanları tərəfindən 32 nəfərin həbsi ilə nəticələnmiş hər hansı genişmiqyaslı əməliyyat tədbiri həyata keçirilməyib.
“Ölkənin hər yerində olduğu kimi, burda da hər şey öz qaydasındadır, hüquq-mühafizə orqanları tərəfindən qəsəbədəki kriminogen duruma tam nəzarət olunur. Sadəcə olaraq, Nardaran hadisələri ilə bağlı qaldırılmış cinayət işi üzrə aparılan istintaq-əməliyyat tədbirlərinin davamı olaraq dindirilmələrinə zərurət yaranmış 7 nəfər saxlanılıb”, - deyə o bildirib./apa/