DİN-in Əlahiddə Çevik Polis Alayında ulu öndər anılıb
09.12.2017 891 0.0 0

DİN-in Əlahiddə Çevik Polis Alayında müstəqil Azərbaycan dövlətinin qurucusu və memarı, görkəmli dövlət xadimi Heydər Əliyevin anım günü ilə əlaqədar tədbir keçirilib. 

DİN-in Mətbuat xidmətindən "Report"a verilən məlumata görə, tədbirin əvvəlində ümummilli lider Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Alay komandiri, polis general-mayoru Zaur Abdullayev ulu öndərin müasir Azərbaycan dövlətinin qurulmasında müstəsna xidmətindən söz açaraq bildirib ki, ümummilli lider xalqın ardıcıl çağırışları və iradəsi ilə böyük siyasətə Azərbaycanın yenidən bərpa olunan müstəqilliyinin böyük təhlükə ilə üz-üzə qaldığı dönəmdə qayıtdı: "Dahi rəhbərin siyasi zəkasının və sarsılmaz qətiyyətinin sayəsində ölkəmiz parçalanmaqdan, xaosdan, vətəndaş müharibəsindən qurtuldu. Müasir Azərbaycan dövlətinin memarı olan ulu öndərimiz dövlətimizin iqtisadiyyatını dirçəltdi, ölkənin gələcək yüksəlişini təmin edəcək neft müqavilələrinin bağlanmasına nail oldu. Eyni zamanda Azərbaycanın balanslaşdırılmış xarici siyasətin təməlini qurdu, beynəlxalq nüfuzunun artmasını təmin etdi. Müasir, güclü, tərəqqi edən Azərbaycan dövləti Heydər Əliyevin ömrünün mənası, onun şah əsəridir".

Bakı Dövlət Universitetinin Tarix fakültəsinin professoru Nuru Məmmədov deyib ki, ümummilli lider Heydər Əliyevin mənalı ömrü xalqa xidmət, Vətənə məhəbbət nümunəsidir: "Xalqımızın ulu öndəri Azərbaycan dövlətçiliyinin siyasi-ideoloji əsaslarını və milli inkişaf konsepsiyasını yaradıb. Bu konsepsiya əsasında xalqımız öz həqiqi dövlət müstəqilliyinə qovuşub. Ümummilli liderimizin hələ SSRİ-nin mövcud olduğu dövrdə cəsarətlə və uzaqgörənliklə həyata keçirdiyi bu tədbirlər Azərbaycanın gələcək müstəqilliyinin və xalqımızın firavan həyatının möhkəm təməlini yaradıb. Ötən əsrin 90-cı illərində xalqımızın böyük oğlunun siyasi arenadan uzaqlaşması ilə Azərbaycanın ağır və çətinliklərlə dolu dövrü başlayıb". O qeyd edib ki, 1993-cü il iyunun 15-də ümummilli liderimizin respublikamızda ali hakimiyyətə qayıdışı müstəqil Azərbaycanın dövlətçilik tarixinin şanlı səhifəsini təşkil edir. Bu qayıdışla xalqımız müstəqil dövlətçiliyini itirmək təhlükəsindən xilas olub. Professor diqqətə çatdırıb ki, ölkəmizin tarixinə sabitlik və inkişaf dövrü kimi daxil olan 1993-2003-cü illər ərzində Heydər Əliyev tərəfindən müstəqil dövlətçiliyimizin ideoloji əsasları yaradılıb, Azərbaycançılıq məfkurəsi formalaşdırılıb, bazar iqtisadiyyatı prinsiplərinə əsaslanan yeni iqtisadi münasibətlər bərqərar olub. Azərbaycan Respublikasının yeni Konstitusiyasının qəbul edilməklə hüquqi dövlət quruculuğu yolunda inamlı addımlar atılıb, demokratik və ümumbəşəri dəyərlərə əsaslanan vətəndaş cəmiyyətinin qurulması istiqamətində böyük işlər görülüb.

Qeyd olunub ki, görkəmli dövlət xadiminin müəyyənləşdirdiyi inkişaf xətti hazırda ölkə başçısı İlham Əliyevtərəfindən uğurla davam etdirilir. Azərbaycan öz güclü iqtisadiyyatı və daha da artan beynəlxalq nüfuzu ilə dünya dövlətləri sırasında önəmli yer tutur.

Mərasimin sonunda ulu öndərimizin həyat və siyasi fəaliyyətinə həsr olunmuş sənədli film nümayiş olunub. 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar