DİN-dən Polkovnikin baş leytenantı döyməsinə reaksiya
03.12.2015 566 0.0 0

Nizami Rayon Polis İdarəsi 25-ci polis bölməsinin rəisi Rafael Albabayev sahə müvəkkili Səməd Düsturovu döyməsi ilə bağlı iddialara münasibət bildirib.

Məlumata görə, lent.az-a açıqlama verən polis polkovniki R.Albabayev bildirib ki, S.Düsturovun iddiaları əsassızdır: “O, iki aya yaxındır ki, bizim bölmədə çalışır. Həmin gün xidmətə gələndə sərxoş olduğu müəyyən edilib və xidmətdən kənarlaşdırılıb. Ona qarşı hər hansı kobudluq edilməyib. Mən uşaq deyiləm ki, polis zabitinə əl qaldırım... Sərxoş vəziyyətdə xidmətə gəldiyi üçün cəzalandırılıb və barəsində Daxili İşlər Nazirliyində müvafiq araşdırmalara başlanılıb. Bildiyimə görə, əvvəl işlədiyi yerlərdə də problemləri olub”.

 

Qeyd edək ki, bu gün qafqazinfo.az saytında 25-ci polis bölməsinin əməliyyat müvəkkili, polis baş leytenantı, 1989-cu il təvəllüdlü Səməd Düsturovun rəisi tərəfindən döyülməsi və döyülməsi haqqında raport yazması barədə məlumat verilib.

O bildirib ki, noyabrın 26-da saat 00:30 radələrində 25-ci polis bölməsində bölmə rəisi onu öz xidməti otağında müavini ilə birlikdə döyüb. Hadisə nəticəsində baş leytenant S.Düsturov xəsarət alıb. O, 3 saylı Şəhər Klinik Xəstəxanasında tibbi yardım aldıqdan sonra buraxılıb.

 

Daxili İşlər Nazirliyi isə məsələ ilə bağlı aşağıdakı açıqlamanı verib:

“Nazirliyin Mətbuat xidmətinin şöbə rəisi Orxan Mansurzadə “Qafqazinfo”ya açıqlamasında bildirib ki, hazırda əməliyyat müvəkkili ilə bağlı araşdırmalar aparılır: “Əslində Səməd Düsturov, ümumiyyətlə, polis orqanlarında xidmət etdiyi qısa müddət ərzində özünü bir əməkdaş kimi mənfi cəhətdən göstərib. Bunun nəticəsi olaraq bir neçə dəfə iş yerini dəyişib, xidməti nizam intizam qaydalarını kobud şəkildə pozduğu üçün bir neçə dəfə rəhbərlik tərəfindən cəzalandırılıb. Lakin bu əməkdaş həmin intizam tənbehi tədbirlərindən özü üçün heç bir nəticə çıxarmayıb və həmin hərəkətlərini davam etdirib. Onun döyülməsi kimi qeyd olunan məsələ isə əslində Düsturovun növbəti xidməti qəbahətlərindən biridir. Həmin fakt üzrə aparılan yoxlama zamanı əməliyyat müvəkkilinin guya döyülməsi öz təsdiqini tapmayıb.

Hazırda onun barəsində aparılan araşdırmalar davam etdirilir. Nəticədən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək”./anspress/

 

 

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar