Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, son günlər bəzi kütləvi informasiya vasitələrində nəqliyyat vasitələrinə verilən müxtəlif dövlət qeydiyyat nişanlarının həddən artıq baha qiymətə satılması barədə məlumatlar yayılıb.
Bununla bağlı aparılmış araşdırmalarla müəyyən edilib ki, həmin nömrələr ayrı-ayrı fiziki və hüquqi şəxslərə məxsusdur və onların belə qanunsuz sövdələşmələrdən ümumiyyətlə xəbərləri yoxdur.
Araşdırmalarla o da məlum olub ki, qeyd olunan nömrələrin satılması barədə elan vermiş şəxslər əslində dələduzluq yolu ilə külli miqdarda qazanc əldə etmək niyyətində olublar. Həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində tanımadıqları şəxslərin avtomobillərinə təhkim olunmuş dövlət qeydiyyat nişanlarını qanunsuz yolla satmağa cəhd etdiklərinə görə 5 nəfər saxlanılıb.
Bir daha vətəndaşların diqqətinə çatdırırıq ki, fiziki və hüquqi şəxslərə məxsus nəqliyyat vasitələrinin dövlət qeydiyyat nişanları Baş Dövlət Yol Polisi İdarəsində və onun regional qeydiyyat-imtahan və texniki baxış şöbələrində verilir.//APA