Böyük Britaniyanın sabiq baş naziri Devid Kemeron NATO-nun baş katibi vəzifəsinə ən real namizədlərdən biridir.
“RİA Novosti”yə istinadən yayılan məlumata görə, baş nazir Tereza Mey bu vəzifəyə onun namizədliyini irəli sürərsə, D. Kemeronun uğur qazanacağı gözlənilir.
NATO-dakı mənbələrin qənaətinə əsasən Böyük Britaniya hərbi-siyasi blokda ABŞ-dan sonra ikinci əhəmiyyətli ölkədir. Mənbələr NATO baş katibi postuna məhz britaniyalının təyin edilməsinin bu ölkə üçün çox əhəmiyyətli olduğu söyləyir. Bununla britaniyalılar “Brexit”dən sonra Avropanın təhlükəsizliyində daha vacib rol oynamaq istədiklərini göstərəcəklər.
Hazırda NATO-nun baş katibi norveçli Yens Stoltenberqdir. Onun səlahiyyətləri 2019-cu ildə bitəcək. Böyük Britaniya nümayəndələri daha öncə NATO-nun baş katibi vəzifəsini üç dəfə tutublar. 1952-57-ci illərdə Qastinqs İsmey, 1984-88-ci illərdə Piter Kerinqton, 1999-2003-cü illərdə isə Corc Robertson NATO-nun baş katibi olub. /apa/