"Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Rusiya ilə yaxınlaşma cəhdləri NATO-nu narahat edir".
Rusiya mətbuatına istinadən verilən məlumata görə, bu fikirlər "Der Spiegel" qəzetindəki yazıda yer alıb.
Yazıda qeyd olunur ki, rəsmi Ankara ilə Moskva arasındakı "buz dövrü"ndən sonra Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğan nümayişkaranə şəkildə rusiyalı həmkarı Vladimir Putinlə yaxınlaşmaq üçün variant axtarır.
Bununla belə, yazı müəllifi Rusiya ilə yaxınlaşmanın Türkiyəni qərbdən təcrid edəcəyini iddia edir.
"Ərdoğanın NATO-nu tərk edəcəyi inandırıcı görünmür. Çünki onun üçün alyansla inteqrasiya kifayət qədər mühüm önəm daşıyır. Hər bir halda Türkiyə prezidenti Avropa İttifaqı və Birləşmiş Ştatların tənqidlərindən yayına bilməyəcək" - deyə, yazıda qeyd edilir.
Xatırladaq ki, Rusiya ilə Türkiyə qarşılıqlı ticarət, hər iki ölkənin bazarlarına çıxış imkanları, habelə, qarşılıqlı investisiya layihələri üzrə səkkiz ay öncə dondurulmuş danışıqları yenidən bərpa etmək qərarına gəlib. Eyni zamanda Türkiyə tərəfi Rusiyanı "Türk axını" və "Akkuyu" AES layihələrinin inşasına siyasi cəhətdən hazır olduqlarına əmin edib. Bunun əvəzində isə prezidentlərin avqustun 9-da planlaşdırılan görüşünədək Rusiyadan ticarət, biznesin təşkili, eləcə də Türkiyə vətəndaşlarının səyahətinə qoyulan qadağaların aradan qaldırılmasını xahiş edib./apa/