Milli Məclisİn iclasında “Azərbaycan Respublikası Milli Məclisi deputatının etik davranış qaydaları haqqında” qanun layihəsi ikinci oxunuşda müzakirəyə çıxarılıb.
Məlumata görə, sədr Oqtay Əsədov qanun layihəsinin müzakirəsindən əvvəl mətbuata iradını bildirib. “Ötən müzakirələrdə mən qanun layihəsi barədə bəzi yumşaldılmalar təklif etdim. Mətbuat isə götürüb yazdı ki, Oqtay Əsədov qanuna etiraz edir. Çox təəssüf edirəm ki, fikrim belə anlaşılıb. Bu qanun layihəsi olduqca mükəmməldir və ümumiləşdirilmiş sənəddir”, - deyə o, söyləyib.
Əli Hüseynli deyib ki, referendumdan sonra deputatlarla bağlı müddəaların Konstitusiyaya əlavə edilməsi Milli Məclisdə buna dair xüsusi qanun layihəsinin hazırlanmasını zərurətə çevirib. O qeyd edib ki, ikinci oxunuşda bəzi rəy və təkliflər nəzərə alınıb: “Biz birinci oxunuşda etik davranış pozuntusu olmayan, amma gələcəkdə onu ehtiva edəcək və digər qanunlarla tənzimlənə bilən məsələləri çıxardıq. Amma ümumilikdə layihə etik davranış qaydalarını əhatə edir”.
Bildirilib ki, 13 maddədən ibarət olan qanun layihəsində Milli Məclisin iclaslarında etik davranış, insanların hüquqlarına, işgüzar nüfuzuna hörmət, qərəzsizlik, qanunsuz maddi və qeyri-maddi nemətlərdən, imtiyazlar və güzəştlərdən imtina, hədiyyə alma qadağası şərt kimi qoyulur. Layihəyə sonradan yeniliklər də edilib. Layihənin 4-cü maddəsində deputata hüquqi şəxsin işgüzar nüfuzunu ləkələyə biləcək hərəkətlər etməməklə yanaşı, qeyd olunmuş "bu cür çağırışlar etməmək" qadağası götürülüb. Layihənin 6-cı maddəsinin 4-cü bəndi də ləğv olunub: “Deputat Azərbaycan Respublikasının Milli Məclisinin nüfuzunu möhkəmləndirməyə, deputat adını, şərəf və ləyaqətini uca tutmağa borcludur”. 8-ci maddəyə yeni bənd əlavə edilib: “Deputat vəzifələrini icra edərkən qərəzsiz olmalıdır”. 13-cü maddədə isə İntizam Komissiyasının vəzifələri sırasından bu bənd çıxarılıb: “Deputatlar tərəfindən etik davranış qaydalarının pozulması halları ilə bağlı həyata keçirilmiş tədbirlər barədə ictimaiyyəti məlumatlandırır”.
Layihə səsə qoyularaq ikinci oxunuşda, daha sonra isə üçüncü oxunuşda qəbul olunub./apa/