Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) tərəfindən bu il 9 və 11-ci siniflər üzrə keçirilən imtahanların nəticələrinə əsasən 36 min şagird “Ana dili”ndən, 42 mindən çox şagird “Riyaziyyat”dan “2” qiyməti alıb.
TQDK həmçinin məzunları “Ana dili” və “Riyaziyyat”dan ən çox “2” alan ilk beşliyə düşən şəhər və rayonların adlarını da müəyyən edib. Belə ki, 9-cu siniflər üzrə Ana dilindən Cəlilabad, Kürdəmir, Sabirabad, İmişli, Yardımlı rayonlarının məzunları, riyaziyyatdan isə Daşkəsən, Cəlilabad, Kürdəmir, Sabirabad, Tərtər rayonlarının məzunları “2” qiyməti alıb.
11-ci siniflər üzrə “Ana dili”ndən Sabirabad, Ağcəbədi, Daşkəsən, Kürdəmir, Ağsu rayonlarının məzunları, “Riyaziyyat”dan isə Sabirabad, Ağcabədi, Daşkəsən, İmişli, Hacıqabul rayonlarının məzunları “2” qiyməti alıb.
Hər il seçildikləri rayonların abituriyentlərinin yüksək nəticələri ilə öyünən, onlarla çəkdirdikləri fotoları yayan millət vəkilləri bəs “2”lər barədə nə düşünür? Sonuncu buraxılış imtahanının nəticələrinin açıqlanmasından bir həftə vaxt keçib. Millət vəkilləri rayonların göstəriciləri barədə nə qədər məlumatlıdırlar? Nə vaxtsa "2" alan şagirdlərlə görüşlər keçirib, problemin kökünü araşdırıblarmı? Ya da səbəbi onların da dilindən eşitməyə cəhd ediblərmi?
Millət vəkilləri seçildikləri rayonların “2” alan şagirdlərlə bağlı liderlik etməsi barədə düşüncələrini Publika.az-la bölüşdülər.
Yardımlı rayonundan seçilən millət vəkili, professor Musa Qasımlı hesab edir ki, Təhsil Nazirliyi bu rəqəmləri nəzərə alaraq qəti addımlar atmalıdır: “Real vəziyyəti əks etdirən bu statistikaya münasibətim çox mənfidir. Çünki, hazırda ölkəmizin bütün rayonlarında, o cümlədən Yardımlı rayonunun ən ucqar kəndlərində müasir məktəblər tikilib, avadanlıqla, internetlə və s. təchiz edilib. Yaradılan şərait baxımından yanaşsaq, həmin məktəblərdə pis müəllim və "2" alan şagird olmamalıdır. Lakin təəssüf olsun ki, biz fərqli mənzərənin şahidiyik. Əlinə sinif jurnalını alıb, şagirdə dərs verən şəxs müəllimdir. Çox şey ondan asılıdır. Lakin şagirdlərin belə qiymət almalarının səbəbləri ya kompleks olaraq, ya da ayrı-ayrılıqda aşağıdakı faktorlardan ibarətdir: həmin müəllimlər dərs verdikləri fənlərə hakim deyillər; pedaqoji baxımdan tədris işində qüsurları olduğundan yaxşı öyrədə bilmirlər; həmin məktəblərdə pis idarəçilik var; rayonda təhsil idarəçiliyində bərbad vəziyyət hökm sürür; məktəb-ailə əlaqəsi zəifdir və ya yoxdur; valideyn öz övladının dərsi ilə maraqlanmır və s. Hesab edirəm ki, Təhsil Nazirliyi qəti addımlar atmalıdır. Ölkə təhsilinin adına ləkə gətirənlər işlərində ya dönüş yaratmalı, ya da işi ilə vidalaşmalı, onların yerini işi bacaranlar tutmalıdır. Həmişə belə olub: "Kadrlar hər şeyi həll edir", "Əvəzedilməz kadr yoxdur".
Daşkəsən rayonundan millət vəkili seçilmiş Rövşən Rzayev bu rəqəmlərin onu çox narahat etdiyini bildirdi: “Bu rəqəmlər təhsilin səviyyəsinin çox aşağı olmasından xəbər verir. Narahatedici məqamdır ki, Azərbaycanda təhsilin inkişafına bu qədər dövlət dəstəyi olduğu halda, nəticələr aşağı olur. Görünür hansısa məqamlarda işlər düzgün yerinə yetirilmir. Bu hallar hər birimizi narahat etməlidir. Xüsusən, Daşkəsəndə olan təhsil məni daha çox narahat edir. Təhsil məsələsinə daha çox diqqət ayrılmalıdır, rayonlarda təhsilə yanaşma dəyişməli, müsbətə doğru inkişaf olmalıdır. Bundan sonra təhsil barədə daha dərindən düşünməliyik. Hesab edirəm ki, təhsilə düzgün yanaşma olsaydı, belə hallar yaşanmazdı. Təhsilin səviyyəsindən çox narazıyam”.
İmişli rayonundan seçilən millət vəkili Əsabil Qasımov bu məsələnin ondan çox Təhsil Nazirliyi və rayon təhsil şöbələrinin işi ilə bağlı olduğunu dedi: “Biz isə üzərimizə düşən vəzifəni yerinə yetirərək məktəblərin təmir və tikinti işləri ilə yaxından maraqlanırıq. Bu il bir məktəb tikib, ikisini təmir etmişik. İmtahandan sonra hansısa rayonun göstəricisi aşağı ola, bəzilərində nəticələr yüksək ola bilər. Ya da hansısa rayonda iki çox ola bilər, bu təhsilin pis olması demək deyil. Arzu edirəm ki, şagirdlər dərslərini yaxşı oxusunlar, savadlı olsunlar. Burada düşünməli heç nə yoxdur. Əlbəttə, bu göstəriciyə görə çox təəssüflənirəm. Çalışaram ki, təhsillə məşğul olan şəxslər qarşısında bu məsələni qaldırım”.
Ağcabədi rayonundan millət vəkili seçilmiş Aqil Abbas əvvəllər rayonun qəbul imtahanlarında hər zaman yüksək nəticə göstərməsindən danışdı: “Təkcə ötən il 337 nəfər Ağcabədi rayonundan ali məktəblərə qəbul olub. Demək, Ağcabədidə təhsil var ki, bu qədər şagird ali məktəbə qəbul olunub. Hələ orta ixtisas məktəblərinə qəbuldan danışmıram. Digər tərəfdən, Ağcabədidən nə qədər şagirdin “Ana dili”, “Riyaziyyat”dan “2” alması barədə əlimdə dəqiq fakt yoxdur. Bu fənlərdən “2” almaq şagird və müəllimin günahı deyil, burada günah təhsil sistemini idarə edənlərin üzərindədir. Bu onların təhsili düzgün qura bilməmələrinin nəticəsidir. Yazılı imtahan ləğv edilib, ona görə də şagirdlərin dil öyrənməyə marağı yoxdur. Testdə yönlük hal düzəldən şəkilçini tapmaq dil öyrənmək deyil. Tələb olmadığına görə, uşaqlar da oxumağa həvəs göstərmir. Ona görə də, uşaqlar onlara hansı fənn lazımdırsa, tələb olunursa, onu oxuyur”.
A.Abbas hələlik bu ilin buraxılış imtahanı nəticələri ilə maraqlanmaq imkanın olmadığını bildirib: “İmtahanlar yeni bitib, ondan sonra hələ ki, Ağcabədiyə gedə bilməmişəm. Lakin gedən kimi maraqlanacam. Hər il imtahan nəticələri ilə maraqlanıram, buna görə məktəblərdə oluram. Ağcabədidə elə məktəblər var ki, onun imkanları heç Almaniyada da yoxdur. Amma nə olsun? Müəllimlər ixtisasını artırmalıdır, dərsliklərdə vəziyyət bəllidir. “Əlifba”nı kurikulumla dəyişəndə heç nə dəyişmir. Yəni problem təhsil sistemindədir. Bunun üzərində işləmək lazımdır”.
Hacıqabul rayonundan millət vəkili seçilmiş Rəfael Hüseynov bu nəticəni ciddi həyəcan siqnalı hesab edir: “Azərbaycan məktəblərində təhsil alan şagirdlərin yüksək nəticə göstərməsi hər birimizin arzusudur. Çünki ölkənin sabahı təhsil və biliyin üzərində qurulur. Təhsil alan da, təhsil verən də, kitablar da yüksək səviyyədə olmalıdır. Bütün fənlər üzrə eyni yanaşma olmalıdır. Lakin fənlər sırasında “Ana dili”nin yeri tamam başqadır. Çünki bir nəfər kimyanı yaxşı mənimsəməyə bilər, amma hər bir azərbaycanlı dili mükəmməl bilib, fikrini bəyan etmək qabiliyyətinə malik olmalıdır. Bu fənn üzrə göstəricilərin aşağı olması məni həm bir ziyalı, həm vətəndaş, həm də millət vəkili kimi çox düşündürür. Bu fakt ətrafında hər kəs düşünməlidir. Bu hadisə ciddi bir siqnaldır. Artıq hadisə baş verib, onun aradan götürülməsi üçün hansı işlər görə biləcəyimiz barədə düşünməliyik. Hacıqabul təhsil şöbəsi ilə əlaqələrim var. Onlarla da bununla bağlı əlaqə saxlayacam. Şöbənin müdiri rayonda təhsil həyatının qurulması üçün çox işlər görüb, təhsilin keyfiyyətinin yüksəlməsi üçün son vaxtlar qabaqcıl tədbirlər görülüb. Lakin təhsil sistemində baş verənlər birdən-birə baş vermir. Təhsil sistemindəki bu hadisə ciddi həyəcan siqnalı olmalıdır. Bu zaman təkcə aşağı nəticə göstərilən fənlər deyil, bütövlükdə fənlərin yüksək səviyyədə tədris olunması, nəticələrin yüksəlməsi barədə düşünməliyik. Bir-iki fənn üzrə nəticə aşağıdırsa, demək digərlərində də belə hallar yaşana bilər. Sadəcə tənqid, ağlamsınmaqla problem həll olmaz. Onun kökünü tapıb, həll edilməsi üçün iş görmək lazımdır”.
R.Hüseynov məsələnin ən yüksək səciyyədə müzakirələrə çıxarılmasının tərəfdarı olduğunu bildirib: “Bu məsələ üzərində bütün ölkə ziyalıları düşünməlidir. Müşavirələr keçirilməli, fikir mübadiləsi aparmalıdır. Mən filologiya problemləri üzrə Respublika Elmi Tədqiqatları Əlaqələndirməsi Şurasının sədriyəm. Bu ilin payızında məzuniyyətlər bitəndən sonra şuranın üzvləri ilə birlikdə bu məsələni müzakirəyə çıxaracağıq. Təhsil həyatını yüksəltmək üçün hansı işlərin görülə biləcəyinin yollarını axtaracağıq. Təhsilin maddi-texniki bazasının inkişafı barədə son illər çox böyük işlər görülüb. Ancaq ən müasir texnologiya ilə təchiz edilmiş siniflərdə necə təhsil verdiyimiz barədə düşünməliyik. Həmçinin, dərsliklərin keyfiyyətinin yüksəlməsi, müəllim-şagird arasında bilgi alıb-vermənin müasir üsullarının tətbiqi ilə bağlı işlər görülməlidir. Bununla bağlı hazırlayacağımız təklifləri Təhsil Nazirliyi və aidiyyatı qurumlara təqdim edəcəyik”./publika.az/