Milli Məclisinin Əmək və sosial siyasət komitəsinin iclasında yol hərəkətindəki qanunsuzluqlardan narazılıq bildirilib.
Məlumata görə, deputat Araz Əlizadə bildirib ki, polis bəzi xüsusi nömrəli avtomobillərə yaxınlaşmağa qorxur: “Bunlar ləğv edilməlidir. Bəzi region nömrələri var ki, polis onlara da yaxınlaşmağa qorxur. Onlar da ləğv edilməlidir. Bunlar ləğv edilmədikcə, necə yol çəkilir çəkilsin, qəzalar yenə baş verəcək”.
Elmira Axundova da həmkarının fikrini dəstəkləyib və bildirib ki, bu qədər işlər görülməsinə baxmayaraq, yollarda biabırçı vəziyyət müşahidə olunur: “Bu, dəhşətdir. Bizdə Qarabağ müharibəsində 30 minə yaxın adam həlak olub. Həmin illərdən sonra isə 50 min nəfər yollarda ölüb. Bu yaxınlarda 3 nəfər turist həlak olub. Camaat bura ölməyə gəlmir. Bizim yollarımızda vəziyyət pisdir. Bununla bağlı qanun layihəsi hazırlanmalıdır”.
Komitə sədri Hadi Rəcəbli deputatların iradları ilə razılaşıb. /apa/