Milli Məclisdə növbəti ilin dövlət bücdəsi qəbul olundu. Parlamentarilərin gündəmində olan əsas məsələ isə prezident İlham Əliyevin sahibkarların yoxlanmasının iki il dayandırılması ilə bağlı qanun idi. Sahibkarlığın inkişafına xidmət göstərəcək qərarı parlamentarilər yekdilliklə qəbul ediblər.
Bununla yanaşı, məclis üzvləri bir sıra sosial problemlərində həllinə yönəlik qərarlar da verdi. Ölkədə fəaliyyət göstərən taksi sürücülərinə qarşı da tələblər dəyişdi. Taksi xidməti göstərəmyə yaşı 21-dən az olmayan, iki ildən artıq müddətdə istifadəsində olan avtonəqliyyat vasitəsini idarə edən sürücülər buraxılır.
Avtobus qəzaları ilə bağlı vətəndaşın sağlamlığına bundan sonra az ağır zərər vuran sürücülər 4 il sürücülük hüququndan məhrum ola, eyni zamanda 4 il müddətinə azadlıqdan məhrum edilə bilərlər.
ANS TV-nin məlumatına görə, son müzakirələrdən 6 gün sonra parlamentə qayıdan hökumətin təqdimatından məlum oldu ki, növbəti ilin büdcəsində yalnız bir dəyişiklik edilib. O da, qaçqın və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması ilə bağlı nəzərdə tutulan vəsait iki dəfə artırılaraq 150 milyona çatdırıldı.
Baxmayaraq ki, büdcə müzakirələri zamanı deputatlar müxtəlif təkliflər vermiş, bəzi sahələrə vəsaitin artırılmasını istəmişdilər. Görünür ki, hökumət regionda və dünyada baş verən prosesləri, xüsusilə neftin qiymətinin aşağı düşməsini nəzərə alıb, qənaət rejimini seçib. Əvəzində büdcəyə əlavə vəsaitlərin cəlbi üçün yollar bu gün təqdim edildi.
Eyni zamanda vergi məcələsinə dəyişikliklə, fiziki şəxslər, yəni aylıq məvacib alan şəxslərin maaşlarının 140 manat hissəsi vergidən azad edildi. Vergi borcu olanın ölkədən çıxışına qadağa qoyuldu.
Gündəmdə olan əsas məsələ isə prezident İlham Əliyevin sahibkarların yoxlanmasının iki il dayandırılması ilə bağlı məclisə daxil olan layihə idi.
“Sahibkarlıq fəaliyyətində yoxlamaların dayandırılması ilə bağlı müvafiq qanun layihəsinin Milli Məclisə təqdim olunması və sahibkarlıq fəaliyyətinin xüsusi razılıq (lisenziya) tələb olunan növlərinin sayının azaldılması, cənab İlham Əliyevin daim ölkədə sahibkarlığın inkişafına verdiyi böyük bir önəm və diqqətin bariz nümunəsidir”, – deyə maliyyə naziri Samir Şərifov bildirib.
Sahibkarlıq sahəsində yoxlamaların dayandırılması Vergilər Nazirliyi və korrupsiya cinayətlərinin aşkarlanması üçün Baş Prokurorluğa şamil edilmir. Yəni bu qurumlar yoxlama apara bilərlər. Həmçinin insanların həyat və sağlamlığına, dövlətin təhlükəsizliyinə və iqtisadi maraqlarına təhlükə yaradan sahələr yoxlanıla bilər.
İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadənin sözlərinə görə, sahibkar qanunsuz yoxlamalarla bağlı müvafiq icar hakakimiyyəti və prokurorluğa, habelə inzibati və məhkəmə qaydasında şikayət verə bilər.
Deputatlar sağollaşmadan parlamentdən ayrıldılar. Onların bəzisi yenidən parlamentə qayıtmaq arzusundadırlar və mübarizəyə qoşulublar.
Bir çoxu növbəti seçkidə iştirak etməyəcək. Son dəfə çıxış üçün son söz istəyən də oldu, lakin şərait yaradılmadı. Şair Sabir Rüstəmxanlıya sözünü deməyə həmişə yer tapılar./anspress/