Deputatlar dərmanların uclaşması üçün yeni təklif veriblər
28.01.2016 510 0.0 0

Milli Məclisin Səhiyyə komitəsinin bu gün keçirilən iclasında idxal olunan dərmanların yenidən əlavə dəyər vergisinə (ƏDV) cəlb olunması ilə bağlı bu yaxınlarda Vergilər Məcəlləsinə edilmiş düzəlişə etiraz edilib.
 
Qazeta.info APA-nın məlumatına əsasən xəbər verir ki, komitənin iclasında əvvəlcə çıxış edən deputat Kəmaləddin Qafarov buna ehtiyac olmadığını, bu məsələnin aradan qaldırılmasının zəruriliyini bildirib.
 
O qeyd edib ki, 2000-ci illərin əvvəllərində idxal olunan dərmanlar ƏDV-dən azad edildiyi halda, ötən ilin payızında parlamentdə Vergilər Məcəlləsinə düzəliş olunandan sonra idxal olunan dərmanlar yenidən ƏDV-yə cəlb edilib: "Hesab edirəm ki, bu dəyişiklik geriyə doğru atılmış addımdır. Hazırda ölkədə dərman qıtlığı yoxdur. Amma bu düzəliş aradan qaldırılmazsa, ölkədə dərman qıtlığı yarana bilər".
 
Komitə sədrinin müavini Musa Quliyev də həmkarının fikirləri ilə razılaşıb: “Dünyada xəstəlik və xəstələr hesabına büdcənin doldurulması deyilən bir anlayış, bir praktika yoxdur. Dünya ölkələrinin əksəriyyətində idxal olunan dərmanlar ya tam ƏDV-dən azad olunublar, ya da cüzi şəkildə bunu saxlayıblar. Ona görə bu düzəliş təcili aradan qaldırılmalıdır".
 
Komitə sədri  Əhliman Əmiraslanov qeyd edib ki, bu işlə tək komitə yox, bütövlükdə səhiyyə ictimaiyyəti və Səhiyyə Nazirliyi məşğul olmalıdır: "Biz mütləq bir yerdə bu məsələyə baxmalı və həmin dəyişikliyin Vergilər Məcəlləsindən çıxarılmasına nail olmalıyıq".


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar