Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Nigar Rafiq qızı Əhmədovanın məhkəmə prosesi başlayıb.
Məlumata görə, hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş şəxs ifadə verib.
Zərərçəkmiş Rüfət Əliyev bildirib ki, ötən il N. Əhmədova deputat Vahid Əhmədovun qardaşı qızı olduğunu bildirərək, onu "Kapital Bank"a filial müdiri vəzifəsinə düzəldəcəyini deyib, 32 500 ABŞ dollarını alıb: "Ancaq məni hələ də heç bir işə düzəltməyib. Dəfələrlə özü ilə görüşüb, pulumu istəsəm də, qaytarmaqdan imtina edib. Mənim tələbim odur ki, 32 500 dollarımı qaytarsın".
N. Əhmədova isə özünü qismən təqsirli bilib. O deyib ki, pulu bir neçə il öncə işə düzəltmək adı ilə yox, borc alıb: "Həmin borc 2008-ci ildən olub. Mən özüm heç yerdə işləmirəm, onu necə işə düzəldə bilərəm? Bunlar hamısı yalandır".
N. Əhmədovanın qohumu Pünhan Əliyev də çıxışında bildirib ki, Rüfət ona zəng edərək, qohumunun ona borclu olduğunu deyib, görüşərək birlikdə N. Əhmədovanın yaşadığını ünvana getmək istədiyini qeyd edib: "Biz birlikdə Nigarın evinə getdik. Onlar bir saata yaxın mübahisə etdilər. Sonra Rüfət Nigardan ona borclu olması haqqında yazılı izahat aldı, izahatda qeyd olunurdu ki, pul 3 ay ərzində ödənəcək. İzahata mən də imza atdım. Üç aydan sonra Rüfət mənə zəng edərək, pulu ödəməyəcəyimiz təqdirdə, polisə müraciət edəcəyini dedi. Daha sonra məni polisə çağırdılar ".
Hakim R. Allahverdiyeva N. Əhmədovanın 2009-cu ildə də məhkum olunduğunu bildirib, məhkum olunmuş şəxsə etibar edərək pul verməsini zərərçəkənə irad tutub.
Proses iyulun 20-də davam etdiriləcək.
Deputat V. Əhmədov isə açıqlamasında bu adda qardaşı qızının olmadığını bildirib.
Qeyd edək ki, N. Əhmədovanın qardaşı Namiq Əhmədovun da adı bir müddət əvvəl dələduzluqda hallanıb. Həmin vaxt N. Əhmədov da mətbuatda deputat Vahid Əhmədovun qardaşı oğlu kimi təqdim olunub./apa/