Deputatın adı «qara siyahı»ya salındı
25.02.2015 996 0
Elmira Axundova: “Sosial reklamlar yoxdur, yerli serialların çəkilməsi üçün ayrılan pullar təyinatı üzrə xərclənmir”
“Milli-mənəvi dəyərlərin qorunması da Televiziya və Radio Şurasının üzərinə düşür. Lakin Milli Televiziya və Radio Şurası öz işinin öhdəsindən gələ bilmir. Ölkə telekanallarında şou xarakterli verilişlər çoxalıb. AZTV, İTV və ANS-i çıxmaq şərti ilə digər televiziyalarda daha çox şit, ucuz, bayağı verilişlər verilir. Cəmiyyət də bundan narazıdır”.
Bunu Milli Məclisin son iclasında deputat Elmira Axundova deyib.
O, bildirib ki, telekanallarda sosial reklamlar yoxdur, yerli serialların çəkilməsi üçün ayrılan pullar təyinatı üzrə xərclənmir: “Milli ruhda, vətənpərvər ruhda, seriallar, filmlər çəkilmir. Yalnız Vahid Mustafayev bu sahədə işlər görür. O, Xocalı soyqırımı və 20 yanvar faciələri ilə ilə bağlı filmlər çəkib”.
E.Axundova bildirib ki, ölkə telekanallarında şadlıq saraylarının reklamları qadağan edilməlidir. Onun sözlərinə görə, MTRŞ üzərinə düşən məsuliyyəti layiqincə yerinə yetirməlidir: “Telekanallarda şadlıq saraylarının reklamları və şou proqramlar üstünlük təşkil edir. Bizim milli qəhrəmanlarımız haqqında verilişlər olmalıdır. Azərbaycanın keçmişi və xalqımızın başına gələnlərlə bağlı filmlər çəkilməlidir. Ümumiyyətlə, şadlıq sarayları ilə bağlı reklamlar ləğv edilməlidir. Bunun əvəzinə isə sosial reklamlar çəkilməli və telekanallarda təbliğ edilməlidir”.
Deputat Nizami Cəfərov isə həmkarının MTRŞ haqqında dedikləri ilə razılaşmayıb: “Televiziyalar üçün proqram siyasəti müəyyən etmək Televiziya və Radio Şurasının səlahiyətlərinə aid deyil. Onu demək doğru deyil ki, bu şura heç bir şey etmir. Verilişlər əslində cəmiyyətin səviyyəsindən asılıdır. Tələbat nədirsə, televiziyalar da onu göstərir”.
Hələlik tənqid olunan televiziyalardan və MTRŞ-dan deputatın çıxışına reaksiya verilməyib. Ancaq bizə çatan xəbərlərə görə, bəzi televiziyalar E.Axundovanın da adını bir sıra digər şəxslər kimi özlərinin “qara siyahı”sına saldıqlarını bildiriblər. /musavat.com/
Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər