“Məhsulların geninin dəyişdirilməsi səbəbindən məhsuldarlıq çox olur və həm də onlar uzun müddət qalır. Əlbəttə, bu lazımdır. Çünki Afrikada milyonlarla insan acından ölür və GMO məhsullar onlara lazımdır”. Məlumata görə bunu Milli Məclisin plenar iclasında parlamentin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov deyib.
O, "Əhalinin sağlamlığının qorunması haqqında" qanunda dəyişiklik edilməsi barədə qanun layihəsinə münasibət bildirərkən qeyd edib ki, GMO məhsullar Azərbaycana lazım deyil.
“İndi bu məhsulları gətirənlər 3-5 min manat, ikinci variantda 4-6 min manat cərimə və 3 il müddətinə qədər azadlıqdan mərhum etməyə qədər cəzalandırılır. Cərimələrin miqdarı 9 min manata qədərdir. Mən də, hesab edirəm ki, kodu dəyişdirilən məhsullar cəmiyyətdə aqressiya və həmdə müxtəlif xəstəliklər yaradır. Biz bir müddət əvvəl Norveçə getmişdik. Soruşduq ki, niyə gənclər özlərini dənizə atırlar? Bizdə də, görürsünüz ki, insan-insanı öldürür, kişi arvadını qətlə yetirir. Əlbəttə, burada kodu dəyişdirilən məhsulların təsiri ola bilər. Bilmək lazımdır ki, bütün məhsullar eyni ölçüdə və formada ola bilməz. Heç insanlar eyni deyil, biri uzun, bir qısadır. Əlacımız qalıb özümüzə. Çalışmalıyıq ki, Quba alması, Xaçmaz pomidoru və başqa təbii məhsullar yeyib özümüzü öldürməyək”./anspress/