Deputat azana qadağa qoyması barədə iddialara münasibət bildirib
12.08.2016 847 0.0 0

"Məni bütün el-oba tanıyır. Siyəzəndə deyildim, dünən axşam gəlmişəm. Videoya çəkib yazıblar ki, evi var. Adamın evi olar da... Mənin 70-ə yaxın yaşım var, 55-60 ildir çalışıram, məgər mənim evim olmamalıdır?! Videonu çəkən adama demək lazımdır ki, sənin nə icazən var mənim evimi çəkirsən, kimdən icazə alıb çəkirsən?"
Bunu açıqlamasında Milli Məclisin deputatı Tahir Süleymanov deyib.
O, Siyəzən rayonunda yerləşən evinin yaxınlığındakı məsciddə azan verilməsinə qadağa qoyması barədə iddialara da münasibət bildirib: "Deyir guya mən azan səsini xoşlamıram. Axı bunu hansı əsasla demək olar? Məgər biz müsəlman, azərbaycanlı deyilik? Azan veriləndə mən onun səsini ana laylası kimi eşidirəm, qəbul edirəm. Biz azan səsi ilə böyümüşük, bu nə söhbətdir mənim başım çıxmır?! İnsan gərək vicdanla hərəkət eləsin. Onu çəkənə demək lazımdır ki, ay bala kimin sifarişi ilə bura gəlmisən, kimin sifarişi ilə belə bir material hazırlamısan? Sən "azan xoşuna gəlmir, azanı susdurub" deməklə mənim inancıma, dini əqidəmə də xələl gətirirsən. Hər bir azərbaycanlı, hər bir müsəlmanın damarında əgər müsəlman qanı varsa o azanla doğulur, azanla da böyüyür. Mən inanclı bir insanam. Bu rayonun məscidlə, qəbiristanlıqla bağlı və başqa xeyriyyə işlərini mən aparıram. İndi camaat da təəccüb edir ki, bu nə yazıdır?".
54 saylı Şabran-Siyəzən seçki dairəsindən deputat seçilmiş Tahir Süleymanov ailə üzvlərinin də inanclı olduğunu vurğulayıb: "Rayonda ən inanclı ailələrdən biri mənim ailəmdir, biz namaz qılan adamlarıq. Bu videonu çəkən adam nə danışır?! Biz insanlara xidmət edirik".
O, barəsində hazırlanan materialın sifariş olduğunu deyib: "Təbii ki, bu, sifarişdir. Başqa nə ola bilər ki!? Kimə istinadla deyə bilərlər ki, mənim azan səsindən xoşum gəlmir. Elə bir müsəlman ola bilərmi ki, azan səsi xoşuna gəlməsin? Bizim muğamımız da, "Quran"ımız da azandan əmələ gəlib. Azandan kimin xoşu gəlməyə bilər?! İnsan qələmi əlinə alıb yazanda bu dərəcə vicdansızlıq edərmi, bu dərəcədə vicdansızlıq ola bilərmi?! Necə ola bilər ki, bizim evin yanındakı məsciddə azan verilməsin? Məsciddə bir dəqiqə də azanla bağlı problem olmayıb, vaxtlı-vaxtında azan verilir, insanlar azan səsinə durub namaz qılırlar".
Deputat onunla bağlı videomaterial hazırlayan Mehman Hüseynovu məhkəməyə verməyəcəyini də deyib: "Bəziləri mənə məsləhət gördü ki, onu məhkəməyə verim. Mən də dedim ki, adam gərək məhkəmədə vicdanlı biri ilə üz-üzə dursun"./report/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar