Deputat: AŞPA-nın Türkiyəyə qarşı ədalətsiz yanaşması təəssüf doğurur
02.05.2017 678 0.0 0

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) qardaş Türkiyəyə qarşı ədalətsiz yanaşması böyük təəssüf doğurur.

Məlumata görə, bunu millət vəkili Qənirə Paşayeva parlamentin bu gün keçirilən plenar iclasında deyib.

O bildirib ki, AŞPA-da müsəlman ölkələrinə qarşı ikili standartlardan yanaşmalar böyük təəssüf doğurmaqla yanaşı, narahatverici bir haldır:

"Azərbaycan olaraq qardaş Türkiyəyə qarşı qəbul edilmiş bu qərarı qınayırıq. Azərbaycan AŞPA-nın ikili standartları ilə sıx-sıx üzləşən bir ölkədir. Təəssüf ki, AŞPA terrorla mübarizədə, işğalçılara qarşı mübarizədə Azərbaycana dəstək vermədi və bu gün də terrorla mübarizə aparan Türkiyəyə dəstək vermir. Tam əksinə, terrorla mübarizə aparan Türkiyəyə qarşı ədalətsiz qərarlar qəbul edir. Avropa Şurasının prinsiplərinə görə, bir üzv ölkə heç bir zaman digər üzv ölkənin torpaqlarını işğalda saxlaya bilməz, amma AŞPA-nın üzvü olan işğalçı Ermənistan digər bir üzv ölkə Azərbaycanın torpaqlarını işğalda saxlamaqda davam edir. Amma AŞPA Ermənistana qarşı ciddi təzyiq mexanizmlərinə əl atmır. Eyni zamanda, Dilqəm Əsgərov və Şahbaz Quliyevin azad olunması üçün Ermənistana təzyiq göstərmir".

Millət vəkili deyib ki, Azərbaycan və Türkiyə AŞPA-nın ikili standartlardan əl çəkməsinin vacibliyini hər zaman AŞPA tribunasından səsləndirir və çağırış edir:

"Təəssüf ki, Türkiyəyə qarşı qəbul edilən bu qərar təşkilatda bu istiqamətdə vəziyyətin daha da pisləşdiyini göstərir. Azərbaycan və Türkiyə bu təşkilatın ədalətsiz yanaşmasını qəbul etmir və etməyəcək".

Qeyd edək ki, AŞ PA-da böyük əksəriyyət Türkiyənin Avropa Şurası qarşısında öhdəliklərinin monitorinqi proseduruna qaytarılmasına səs verib.

Qətnamədə deyilir ki, Assambleya Türkiyədəki hadisələrin monitorinqini möhkəmləndirmək və fəallaşdırmaq niyyətindədir./Trend/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar