Avropa İttifaqının (Aİ) Şərq Tərəfdaşlığı sammiti çərçivəsində baş tutan Zirvə görüşü Avropanın tək öz problemlərilə deyil, ona yaxın bölgələrin problemlərilə də məşğul olmağın vacibliyini ortaya qoydu.
Bunu açıqlamasında millət vəkili Aydın Mirzəzadə deyib.
Millət vəkili bildirib ki, Şərq Tərəfdaşlığı sammitində bir çox məsələlərlə yanaşı, ərazi bütövlüyü məsələsi önə çəkilib: "Yekun bəyannamədə problemlərin həllinin beynəlxalq hüquq normalarına uyğun, ərazi bütövlüyü çərçivəsində həll olunmasının vacibliyi bildirilib. Vaxtilə Avropanın müəyyən dairələri Azərbaycanın ərazi bütövlüyü məsələsini onlara yad olan bir məsələ kimi qiymətləndirirdi. Amma İspaniyanın Kataloniya vilayətində baş verənlər göstərdi ki, Avropanın özü istənilən vaxt Qarabağ sindromunu yaşaya bilər. Buna görə də Avropa Azərbaycanın ərazi bütövlüyü problemini artıq önə çəkməyə başladı. Həmçinin, Azərbaycanın fəal iştirakçısı olduğu Cənub Qaz Dəhlizinə yüksək qiymət verilməsi onu göstərdi ki, bu gün dünya üçün sabitlik, ərazi bütövlüyü məsələsi prinsipialdır. Cənab Prezident İlham Əliyevin sammitdə qətiyyətli mövqeyi, Azərbaycanın taleyüklü məsələlərinin Avropa İttifaqı rəhbərliyinin diqqətinə çatdırması, Ermənistanın Azərbaycan torpaqlarının işğalını davam etdirməsinə yol verilməsini qabartması yekun bəyannaməyə təsir etdi. Ermənistan rəhbərliyi problem yaratmağa çalışsa da, cəhdlər uğursuz oldu. Dünya bu problemlərin beynəlxalq hüquq normaları ilə həll edilməsini vacib sayır. Bu, işğalçı Ermənistana xəbərdarlıqdır. Azərbaycan Dağlıq Qarabağ münaqişəsini hərb yolu ilə də həll etməyə hazırdır. Bunu aprel döyüşləri bir daha sübut etdi. Aİ-nin yekun sənədi isə Ermənistana son şansı verdi".
Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev Avropa İttifaqı Şurasının prezidenti Donald Tuskun dəvəti ilə noyabrın 24-də Şərq Tərəfdaşlığı Sammitində iştirak edib./Trend/