ABŞ Senatının Beynəlxalq əlaqələr komitəsində demokratların lideri Ben Kardin bildirib ki, onlar ABŞ və Səudiyyə Ərəbistanı arasında 460 milyard dollarlıq silah ticarəti anlaşmasının əleyhinə səsə verəcək. Rusiya mətbuatına istinadən verilən məlumatına görə, adı çəkilən şəxs iddia edib ki, bu silahlar Ər-Riyad tərəfindən Yəmənə qarşı tətbiq olunacaq:
"Tramp administrasiyası adı çəkilən münaqişənin diplomatik yolla həll olunması istiqamətində bir addım da atmayıb. Bu halda silah satılması yolverilməzdir".
Senator bildirib ki, bu hərəkət ABŞ-ın düşmənləri ilə yanaşı, dostları tərəfindən də qınanacaq.
Onunla eyni partiyada olan senator Kris Merfi ABŞ-ın silah ixracını tənzimləyən qanununun işə salınmasının vacibliyini bildirib.
Xatırladaq ki, Donald Tramp prezident kimi ilk səfərini ötən ay məhz Səudiyyə Ərəbistanına edib. Səfər çərçivəsində Səudiyyə krallığı ilə 460 milyard dollar dəyərində silah ticarəti anlaşması imzalanıb./APA/