Nəhayət bir həftədir ki, gözlədiyimiz sensasiya. Azərbaycanı internet uçqununa salan virtual qara noyabrın səbəbləri barədə.
Ötən həftə sizə söz vermişdik ki, 5 saata yaxın xüsusi vəziyyətdə qalmağımızın səbəbləri barədə məhz bu gün məlumat verəcəyik. “Delta Telekom”un baş direktoru Ramazan Vəliyev müəmmalı hadisəni ən xırda naqilədək bizə izah etdi. Biz əvvəlcə onunla hadisə rayonunu gəzdik. Qara naqillər, hisə batmış divarlar, yanıq iyi az qala kadrlardan bayıra vurur.
Yanğın baş verən otaqda təmir işləri gedir və orada yeni avadanlıqlar quraşdırılır. Otaqda dövlətə aid avadanlıqlar var və bizim buradakı yüksək amperajlı kabellər yuxarı hissə ilə gedir. Yanğın hadisəsi yuxarı hissədə baş verməyib. Sadəcə olaraq aşağıda baş verən yanğın yuxarı kabelləri zədələyib. Son 2 il ərzində burada heç bir dəyişiklik olmayıb. Yeganə dəyişiklik bu ilin may ayında dövlət tərəfindən qoyulan bir avadanlıqdır.
- Dövlət deyəndə biz konkret olaraq Milli Təhlükəsizlik Nazirliyinin quraşdırdığı avadanlıqdan danışırıq.
Bu ərazidə olan avadanlıqların bir hissəsini işlək vəziyyətə gətrimişik. Əsas problemimiz odur ki, zalda olan avadanlıqların üzərinə tüstü qatı hopub və tüstü qatı kömür qatı yaradıb. Ona görə də zalda olan bütün avadanlıqarı kənara daşıyıb, orada yuyub təmizlədikdən sonra, yenidən fəaliyyətə salma işləri ilə məşğuluq
Yanğın hadisəsi FİBER optik kabellərin olduğu hissədə baş verib. Nəticədə bütün FİBER optik kabellər zədələnib.
Həmin gecə tüstü çox olduğuna görə işləmək, hətta nəfəs almaq mümkün deyildi. Lakin işçilərimiz qəhrəmanlığı nəticəsində problem qısa müddətdə aradan qaldırıldı. 600 cüt FİBER optik kabel gecə ilə digər zala köçürüldü və rezervlər işə salındı
Problem ondan ibarət idi ki, FİBER optik kabellərin bir birinə calanması, qaynaq olunması tamamilə təmiz mühitdə həyata keçirilməlidir. Əks təqdirdə müəyyən problemlər yaşana bilər.
Bu tüstülü mühitdə dünyanın heç bir ölkəsində texniki işçiyə nə verirsən ver, işləməzdi. Bizim texniki işçilər həqiqətən də böyük qəhrəmanlıq edib, interneti 2-3 saat ərzində bərpa edə bildi.
Əslində hadisələr saat 14 radələrində baş verib. Saat təqribən 17:15, 17:30-da tüstülənmə mənbəyi söndürüldü. Lakin zala girmək mümkün deyildi. Zalda 2 dəqiqədən artıq durmaq mümkün deyildi. Bizim texniki işçilər növbəli iş rejimi ilə (10 dəqiqədən bir işçilər bayıra çıxıb təmiz hava alaraq yenidən geri qayıdır) işləyiblər. Qərar vermişik ki, yanğın olan otaq yeni formada bərpa ediləcək. Bir sıra avadanlıqlar tamam söküləcək, tamamilə təmizlənəcək və bütün testlərdən keçiriləcək.
- Hadisə ilə bağlı cinayət işi qaldırılıb?
Nazir müavini İltimas Məmmədov elə həmin gün bütün gecə hadisə yerində olub, hətta yanğın başlayandan söndürülənədək, rabitə bərpa edilənə kimi. İkinci gün gecə Xüsusi Dövlət Mühafizə Xidmətinin əməkdaşları burada işə başladı, araşdırma apardılar. Eyni zamanda Baş Prokrorluqdan xüsusi istintaq qrupu cəlb olunub.
- Ramazan müəllim, Milli Təhlükəsizlik Nazirliyi dediyiniz avadanlığı hara qoymuşdu?
Söhbət gedən avadanlıq yanğın olan zalda olub, hazırda o avadanlıqlar demontaj olunub, ondan sonra bizim anbarda yerləşdirilib. Yəqin ki biz o avadanlıqları təhvil verəcəyik. Demontaj edilib anbara qoyduğunuz bu avadanlıqlar təhlükəsizliyimizlə bağlı hansısa risklər yaradır? Tutaq ki o avadanlıq var idi vəziyyət başqa cür idi, indi o avadanlıq yoxdur vəziyyət dəyişib. Əslində həmin avadanlıqlar təkcə “Delta Telecom”da deyil, əməliyyat axtarış fəaliyyəti ilə əlaqədar olaraq bütün rabitə operatorlarında quraşdırılıb.
“Delta Telekom”un baş direktoru Ramazan Vəliyev avadanlıqlarla bağlı təhlükəsizliyimiz üçün bir riskin olduğunu açıqladı.
Müsahibəyə daha ətraflı videomaterialda baxa bilərsiniz./anspress/