Türkiyə və İran Suriyanın ərazi bütövlüyünün qorunması məsələsində ortaq mövqeyə malikdir. Məlumata görə, bunu Türkiyə baş naziri Əhməd Davudoğlu Tehrana səfəri zamanı bildirib.
Davudoğlu dünən İran prezidenti Həsən Ruhani və birinci vitse-prezident İshaq Cahangiri ilə görüşərək, Suriya münaqişəsini müzakirə edib. Davudoğlu hər iki ölkənin atəşkəsin Suriyada siyasi keçid prosesi üçün yaxşı təməl olacağını hesab etdiyini bildirib.
Davudoğlu Türkiyənin İslam Respublikası ilə terrora qarşı mübarizədə əməkdaşlıq etməyə hazır olduğunu ifadə edib. İran prezidenti Həsən Ruhani öz yerində İran və Türkiyə arasında müxtəlif sahələrdə əməkdaşlıqdan söz açaraq, bu işbirliyinin bir çox regional problemlərin həllinə müsbət təsir göstərəjəyini vurğulayıb.
Ruhani hər iki dövlətin əsas səyləri terrorla mübarizəyə yönəltməsinin vacibliyinə toxunub. “Regional problemlər regionun ölkələri və xalqları tərəfindən həll olunmalıdır və İran-Türkiyə əməkdaşlığı heç şübhəsiz regionda sülhün bərqərar olmasında konstruktiv rol oynayajaq”.
İran və Türkiyə sabitsizlik, terrorçuluq təhlükəsi, etnik və təriqətlərarası münaqişələr kimi problemlərin öhdəsindən gəlmək üçün “ümumi yanaşma” işləyib hazırlamalıdırlar.
İranın vitse-prezidenti İshaq Cahangirilə görüşün yekunlarına həsr olunmuş mətbuat konfransında açıqlama verən Türkiyənin baş naziri deyib ki, Ankara ilə Tehran arasında fərqli baxışlar olsa da, ölkələr bölgə problemlərini birgə, xarici müdaxilə olmadan həll etməlidirlər.
İshaq Cahangiri deyib ki, qonşular arasında problemlər danışıqlar masası arxasında razılaşdırılmalıdır. İkigünlük rəsmi səfərlə İrana gələn Türkiyənin baş nazirinə əsasən Tehrana qarşı sanksiyaların ləğvindən sonra ölkələr arasında ticarət mübadiləsinin həcmi artırıla bilər. Tehran Suriya prezidentini, Ankara isə Bəşər əl-Əsəd əleyhdarlarını dəstəkləyir./anspress/