Dahi bakılının bayramı başlayır
17.05.2015 592 0.0 0

Azərbaycan bu gündən dünyanın ən mühüm musiqi bayramına ev sahibilik edir. Məlumata görə, Bakıda doğulmuş dünya şöhrətli musiqiçi, əvəzolunmaz violenç ifaçısı və dirijor Mstislav Rostropoviçə həsr olunmuş ənənəvi festival adəti üzrə bu il də paytaxtımızda keçirilir. 

VIII Beynəlxalq Mstislav Rostropoviç festivalına bu gündən - 17 maydan start verilir və mayın 24-dək davam edəcək. 

Musiqi bayramının açılış mərasimi Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin çıxışı ilə başlayacaq. Bədii rəhbər və baş dirijor Xalq Artisti Rauf Abdullayevdir. Tamaşaçılara alman bəstəkarı Karl Orfun “Karmina Burana” səhnə kantatası təqdim olunacaq.

Tamaşaçılar festival boyu dünya musiqisi xəzinəsinin incilərini dinləməkdən zövq alacaqlar. Mayın 19-da filarmoniyada təqdim olunacaq “Təkcə caz deyil” adlı konsert proqramı çərçivəsində saksofonçu, Rusiyanın xalq artisti, İqor Butman və onun kvarteti, Arseni Çubaçin, “ARS Chamber orchestra” kollektivi çıxış edəcəklər.

Festival çərçivəsində mayın 21-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Qalina Vişnevskaya Opera İfaçılığı Mərkəzi tərəfindən Rudjero Leonkovallonun “Payatsı” operası oynanılacaq. Tamaşanın quruluşçu rejissoru İvan Popovski, quruluşçu dirijoru Canluka Marçiano, dirijoru Aleksandr Solovyovdur.

Filarmoniyada mayın 22-də təqdim olunacaq “Rusiyanın parlayan ulduzları” adlı konsert proqramına beynəlxalq müsabiqə laureatları Robert Brem (skripka), Mixail Qayduk (truba), Timur Kolodyajnı (violonçel), Mixail Çumakovun (skripka), habelə Qalina Vişnevskaya Opera İfaçılığı Mərkəzi kollektivinın çıxışları daxildir.

Mayın 23-də musiqisevərlə Heydər Əliyev Sarayında İtaliyanın Luici Kerubini orkestrinin ifasını dinləyə biləcəklər. Orkestrin bədii rəhbəri və baş dirijoru Rikkardo Mutidir. Festivalın bağlanış mərasimi də bu orkestrin çıxış ilə mayın 24-də Heydər Əliyev Sarayında olacaq.

Beynəlxalq Mstislav Rostropoviç festivalı 2007-ci ildən Bakıda keçirilir. Festival ənənəvi olaraq dünyanın bir çox ölkələrindən görkəmli musiqiçiləri və kollektivləri toplayır və şəhərin ən gözəl konsert zalları festival iştirakçılarının sərəncamına verilir. Festivalın bədii rəhbəri Olqa Rostropoviçdir. Dünyanın ən mühüm musiqi festivalları siyahısına daxil olan musiqi bayramının proqramı həmişə zəngin olur. Hər dəfə festival çərçivəsində ölkəmizə təşrif buyuran, həmçinin yerli musiqiçilərin iştirakı ilə ustad dərsləri, konfranslar keçirilir./anspress/

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar