Daha kimlərin müavinətləri artdı?
20.12.2021 318 0.0 0

Prezident İlham Əliyevin bu gün imzaladığı yeni Fərmanlarla əlilliyi olan şəxslər və sağlamlıq imkanları məhdud uşaqlarla yanaşı, aşağıda qeyd edilən digər bir sıra kateqoriyalara yönələn müavinətlər də əhəmiyyətli şəkildə artırılıb.

Belə ki, 2022-ci ilin 1 yanvarından yaşa görə müavinət 130 manatdan 180 manata çatdırılır. 2019-cu ilin əvvəlində bu müavinət 73 manat idi, ümumilikdə 2,5 dəfə artırılmaqla gələn ilin əvvəlindən 180 manat təşkil edəcək. Bununla da 2022-ci ildə pensiyaçılar üçün nəzərdə tutulan yaşayış minimumunu (176 manat) üstələyəcək.

Ailə başçısını itirməyə görə müavinət (hər ailə üzvü üçün) 80 manatdan 100 manata çatdırılır. Bununla da üç il əvvələ (68 manat) nisbətən həmin müavinət 47% artırılıb.

Müddətli hərbi xidmətdə olan hərbçilərin uşaqlarına müavinət üç il əvvəl 68 manat, 2019-cu ilin aprelindən 100 manata çatdırılıb. Yeni Fərmanla isə 2022-ci ilin əvvəlindən 120 manat təşkil edəcək. Son üç ildə bu müavinət 76,5% artırılıb.

Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların qəyyumlarına (himayəçilərinə) müavinət 100 manatdan 120 manata çatdırılır. Bununla da həmin şəxslər üçün müavinətdə  üç il əvvələ (61 manat) nisbətən təqribən 2 dəfə artım baş verir.

Beşdən çox uşağı olan qadınlara (hər uşağa görə) aylıq müavinət isə 55 manatdan 70 manata çatdırılır. Ümumilikdə son üç ildə bu müavinət 2,1 dəfə artırılaraq 33 manatdan 70 manata çatdırılıb.

Bir yaşınadək uşağı olan aztəminatlı (ünvanlı dövlət sosial yardımı təyin edilmiş) ailələrə hər uşağa görə müavinət isə yeni Fərmanla 55 manatdan 70 manata çatdırılıb. Bununla da həmin uşaqlar üçün müavinətdə  üç il əvvələ (45 manat) nisbətən 55,6% artım baş verir.

Övladlığa götürülən uşağa, o cümlədən sağlamlıq imkanları məhdud uşağa görə müavinət 2021-ci ilin əvvəlindən təsis olunub və yeni Fərmanla bu müavinət də 25% artırılaraq hər uşağa görə 160 manatdan 200 manata, sağlamlıq imkanları məhdud hər uşağa görə isə 480 manatdan 600 manata çatdırılıb.

Uşağın anadan olmasına görə birdəfəlik müavinət 200 manatdan 300 manata çatdırılıb. Bu müavinət üç il əvvəlki məbləğlə (109 manat) müqayisədə 2,8 dəfə artırılıb.

Dəfn üçün müavinətin məbləği isə 300 manatdan 350 manata çatdırılıb. Üç il əvvələ (146 manat) nisbətən bu müavinətdə 2,4 dəfə artım baş verib.

Xatırladaq ki, dövlət başçısının yeni Fərman və Sərəncamları əlilliyi olan şəxslər və digər kateqoriyalardan ibarət ümumilikdə 732 min şəxsin, o cümlədən 132 min doktorant və tələbənin  əhatə edərək  müavinət və təqaüd formasında onlara yönələn sosial ödənişlərin gələn ilin əvvəlindən artırılmasını təmin edir. Bu artımlar üçün illik əlavə 200 milyon manat ayrılıb.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar