Bakı 2015 1-ci Avropa oyunlarının məşəl estafetini bu gün Salyan şəhəri qəbul edib.
Məlumata görə, alov marafonuna şəhərin girəcəyindən start verilib.
Rayonun ictimai siyasi həyatında fəal iştirak edən, respublikamızı dünya idman arenasında uğurla təmsil edən 10 idmançı məşəli şəhərin Heydər Əliyev prospeti ilə 3 min 200 metr məsafədə daşıyaraq mərkəzi meydana gətirib. Məşəl meydanda rayon sakinlərinin gur alqış sədaları altında alovlandırılıb. Məşəldən götürülən alov çırağı rayon sakinlərinə təqdim edilib. Bildirilib ki, bu çıraq oyunlar bitənə kimi şölələnməlidir. Alov məşəlinin Salyanda alovlanmasından qürur duyan rayon sakinləri sevinclərini bizimlə də bölüşüblər.
Marafonçu Qabil Quliyev 1-ci Avropa oyunlarının Azərbaycanda keçirilməsinin böyük bir fəxr olduğunu deyib: "Bu, ölkə adına böyük nailiyyətdir. İnşallah, həmişə ölkəmizin bayrağı ucalarda olar. Bu gün məşəli Salyan adından daşımağım bir qürur idi".
Salyan sakini Sərxan Almazov isə qeyd edib ki, bu oyunların Azərbaycanda keçirilməsi bir daha sübutdur ki, Azərbaycan güclü dövlətdir: "Azərbaycan bütün yarışlara, tədbirlərə ev sahibliyi eləməyə hazırdır".
Alov estafeti Salyanda böyük bayram konserti ilə yekunlaşıb. Alov səyahətinin növbəti ünvanı Neftçala şəhəri olub. Marafon burada şəhərin girəcəyindən start götürüb. İdmançılar məşəli 3 min 700 metr məsafədə Heydər Əliyev prospekti boyunca daşıyaraq bayraq meydanına gətiriblər. Məşəlin təntənəli alovlanma mərasimi burada keçirilib. Digər rayonlarda olduğu kimi bu gün Neftçalada da 1-ci Avropa oyunlarının məşəl estafetçilərinin gəlişi bayram kimi qarşılanıb. Bu gün bayraq meydanında düzənlənən bu ehtişam, yaşanan bayram ovqatı dediklərimizə sübutdur.
Neftçala sakini Yeganə Cahangirova məşəlin rayonlarına gəlməsindən çox sevindiyini deyib: "Avropa Oyunlarının keçirilməsinin Azərbaycanın dünyaya tanıdılmasında, ölkəyə çoxlu turistlərin cəlb edilməsində çox böyük rolu olacaq. Digər sakin Asif Cəfərov isə bu möhtəşəm tədbirin Azərbaycanın düşmənlərinin ürəyinə sancılan bir ox olduğunu deyib: "Buna görə sevincimin həddi-hüdudu yoxdur. Nəinki Avropa, dünya miqyasında Azərbaycanın tanıdılması üçün bütün qapılar açılacaq. Bundan sonra Azərbaycanı sürətli inkişaf gözləyir".
Qeyd edək ki, alov səyahətinin növbəti ünvanı Şirvan şəhəri olacaq./anspress/