Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyində (ABOEMDA) Apellyasiya Şurası yaradılıb. Qazeta.info bildirir ki, bu barədə "Report"a agentliyin mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, Apellyasiya Şurasının Əsasnaməsi, tərkibi və katibliyi təsdiq edilib. Agentliyin sədr müavini Nurəli Adil oğlu Yusifbəyli Apellyasiya Şurasının sədri, agentliyin struktur bölmələrinin məsul vəzifəli şəxslərindən ibarət 6 nəfər isə şuranın üzvləri təyin ediliblər. Apellyasiya Şurasının katibliyinin rəhbəri və tərkibi də təsdiq olunub.
Qurumun açıqlamasına görə, ictimai əsaslarla fəaliyyət göstərəcək Apellyasiya Şurasının yaradılması sahibkarlıq fəaliyyəti göstərən fiziki və hüquqi şəxslərin şikayətlərinə baxılması sahəsində şəffaflığın və obyektivliyin təmin edilməsi, bu sahədə şəxslərin hüquqlarının və qanunla qorunan maraqlarının müdafiə olunması məqsədinə xidmət edəcək.
Qeyd edək ki, ABOEMDA və digər dövlət qurumlarında Apellyasiya Şurasları Azərbaycan Prezidentinin “Azərbaycan Respublikasının mərkəzi və yerli icra hakimiyyəti orqanlarında Apellyasiya Şuralarının yaradılması haqqında” 3 fevral 2016-cı il tarixli fərmanına uyğun olaraq yaradılır.