Təhsil Nazirliyi məktəbli gündəliyindəki səhvlə bağlı açıqlama verib.
Təhsil Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Cəsarət Valehov verdiyi açıqlamada bildirib ki, 2015/2016 tədris ilində çap edilən gündəliklərin nəşrinə nazirlik cavabdeh deyil. "Lakin istənilən halda Təhsil Nazirliyi bunu araşdıracaq", - deyə şöbə rəhbəri əlavə edib.
2015/2016-cı tədris ili üçün nəşr edilmiş gündəliklərdə səhvə yol verilib. Valideynlərdən birinin göndərdiyi şəkildə məktəblilərə paylanan gündəliyin səhifəsində 9 noyabr və 18 oktyabr tarixləri yanlış adlandırılıb.
Gündəlikdə 18 oktyabr Dövlət Bayrağı günü, 9 noyabr isə Dövlət Müstəqilliyi günü kimi qeyd edilib.
Məktəbli gündəliyindəki səhv -
Bir müddət əvvəl də kitab qalmaqalı olmuşdu. "Azərbaycan tarixi" məlumat kitabının üz qabığındakı rənglər Ermənistanın bayrağına uyğun gəlirdi.
Bəziləri bunun təsadüf, bəziləri isə təxribat olduğunu bildirmişdi. Kitabı nəşr edən "Didaktika" nəşriyyat evi də bununla bağlı heç bir rəsmi açıqlama vermədi. Bir müddət sonra məlum oldu ki, nəşriyyat evi bir neçə ay əvvəl kitabda qeyd olunan ünvandan köçürülüb.
Ermənistan bayrağı və "Azərbaycan Tarixi" məlumat kitab
Nəşriyyatın "Facebook" səhifəsində adını vermək istəməyən şəxs isə bildirib ki, o, nəşriyyatın səhifəsini idarə edir. "Bəli, bu kitab bizdə əvvəl başqa dizaynda olub. Köhnə üzdə 1-ci rəng tünd albalı, 2-ci tünd göy, 3-cü rəng isə günəş sarısı və 4-cü rəng yenə tünd albalı rəngi idi. Yəni bu rənglərin erməni bayrağının rəngləri ilə heç bir əlaqəsi yox idi. 6-7 ay əvvəl həmin kitabı piratçılıqla məşğul olan işbazlar kopyalayıb. Bu zaman rəng uyğunsuzluğu yaranıb", - deyə həmin şəxs bildirib./anspress/