Apteklərdə standart formaya uyğun olmayan reseptlər üzrə dərmanların satışına qadağan edildiyi tapşırılır.
Səhiyyə Nazirliyində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Nazirlər Kabinetinin 2015-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında dərman sahəsində dövlət başçısı tərəfindən verilmiş tapşırıqların icrası ilə əlaqədar müşavirə keçirilib.
Məlum olduğu kimi, Səhiyyə Nazirliyində 14 iyun tarixində dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi və bir sıra çatışmamazlıqların aradan qaldırılmasına dair verilən tapşırıqların icrası məqsədi ilə səhiyyə naziri cənab Oqtay Şirəliyevin sədrliyi ilə geniş toplantı keçirilmişdir. Toplantıda dərman vasitələri ilə təchizat sahəsində problemlərin aradan qaldırılması məqsədilə geniş tədbirlərin həyata keçirilməsi, müvafiq planların hazırlanması və onların ətrafında zəruri addımların atılması tapşırığı verilmişdir.
İclası giriş sözü ilə açan səhiyyə nazirinin müavini cənab Elsevər Ağayev qeyd etmişdir ki, dərman vasitələrinin qiyməti sahəsində mövcud vəziyyəti tənzimləmək məqsədilə sosial sahədə tarixi nailiyyət kimi qiymətləndirilə biləcək addım atıldı. Ölkə başçısının tapşırığının icrası olaraq Səhiyyə Nazirliyinin də təmsil olunduğu Tarif Şurası tərəfindən artıq bir sıra dərmanların qiymətinin tənzimlənməsi barədə qərar qəbul edilmiş və nəticədə baxılmaq üçün təqdim olunmuş dərmanların qiyməti nəzərə çarpacaq dərəcədə aşağı salınmışdır. Sentyabr ayının 15-dən başlayaraq artıq bu qərar tətbiq olunmağa başlanılacaqdır.
Qeyd olunanları əhalinin dərman təminatının yaxşılaşdırılması sahəsində olduqca mühüm addım kimi qiymətləndirmək olar.
Dərman preparatlarının qiymətinin tənzimlənərək aşağı salınması həmçinin dövlət müəssisələri tərəfindən də bu preparatların alışına müsbət təsir göstərməklə əhaliyə pulsuz təqdim edilən dərmanların çeşidinin artımına, həmçinin bu siyahıya daha da keyfiyyətli və effektiv dərman preparatlarının daxil olunmasına şərait yaradacaqdır. Bu isə, öz növbəsində, əhaliyə göstərilən tibbi xidmətin keyfiyyətinin artırılmasına müsbət təsir edəcəkdir. Səhiyyə Nazirliyi dərmanların qiymətlərinin tənzimlənməsi sahəsində Tarif Şurası ilə sıx əməkdaşlığı davam etdirəcəkdir.
Bundan başqa müşavirədə qeyd edildi ki, Səhiyyə Nazirliyində müvafiq əmrlə bu sahə üzrə geniş məsələləri əhatə edən “Dərman vasitələri ilə təchizatın yaxşılaşdırılması və əczaçılıq fəaliyyəti sahəsində nəzarətin gücləndirilməsi üzrə Tədbirlər Planı” təsdiq edilmişdir. Tədbirlər planına uyğun olaraq Analitik Ekspertiza Mərkəzinə apteklərə daxil olan həkim reseptlərinə nəzarətin təmin edilməsi, standart formaya uyğun olmayan reseptlər üzrə dərmanların satışının qadağan edilməsi tapşırılır.
Tədbirlər planında həmçinin tibb müəssisələrinin dərman təchizatı məsələləri yer almış və bu sahədə görüləcək işlər öz əksini tapmışdır. Sənəd tibb müəssisələrində xəstələrə pulsuz təqdim olunan dərman preparatları ilə təminat üzərində nəzarətin gücləndirilməsinə xidmət edəcəkdir.
Eyni zamanda, tədbirlər planına əsasən, dərman vasitələrinin keyfiyyəti və təminatı sahəsində olan müraciətlərin qəbulu üçün Elektron səhiyyə, “qaynar xətt”, əhalidən daxil məktublar və digər vasitələrlə gələn müraciətlər dərhal təhlil olunaraq müvafiq tədbirlərin həyata keçirilməsi təmin olunacaqdır.