25 dekabr 2015-ci il tarixində Tarif (qiymət) Şurasının növbəti iclası keçirilmişdir.
Qazeta.info Tarif Şurasına istinadla bildirir ki, iclasda daha 1510 yeni dərman vasitəsinin qiymətləri, həmçinin Şuranın əvvəlki qərarları ilə təsdiq edilmiş 3540 dərman vasitəsinin manatın məzənnəsinin dəyişməsi ilə əlaqədar olaraq yeni qiymətləri müəyyənləşdirilmişdir (Cədvəl əlavə olunur). Beləliklə, 5050 dərman vasitəsinin topdan və pərakəndə satış qiyməti və qiymətlərin qüvvəyə minmə tarixi təsdiq edilmişdir ki, bunlardan 3661 dərman vasitəsinin qiymətləri bu gündən qüvvədədir, qiymətləri təsdiqlənmiş digər 1389 dərman vasitəsinin qiymətləri isə 25 fevral 2016-cı il tarixindən qüvvəyə minəcəkdir.
Bununla da, ilin əvvəlindən etibarən manatın məzənnəsində baş verən dəyişikliklərə baxmayaraq, qiymətləri tənzimlənmiş dərman vasitələrinin satışda olan qiymətləri ilə müqayisədə 21%-nin qiyməti 2 dəfədən çox, 9%-nin qiyməti 3 dəfədən çox aşağı salınmış, ümumilikdə 60%-nin qiymətləri endirilmiş, 40%-nin qiyməti isə məzənnə dəyişikliyi ilə əlaqədar orta hesabla 30% artmışdır. Belə ki, manatın məzənnəsinin dəyişməsindən əvvəl dərman vasitələrinin qiymətləri kəskin şəkildə, 2-3 dəfədən çox, bir sıra hallarda 5 dəfədən çox, bəzi dərmanlar üzrə isə 10 dəfəyədək azaldıldığı üçün bu dərmanların qiymətləri manatın yeni məzənnəsinə uyğunlaşdırıldıqdan sonra belə, yenə də tənzimləmədən əvvəlki qiymətlərdən dəfələrlə aşağıdır. Bu isə, manatın məzənnəsinin dəyişdiyi dövrdə dərmanların qiymətlərinin dövlət tərəfindən tənzimlənməsinin sosial əhəmiyyətini daha da artırır.
Tarif (qiymət) Şurasının iclasında həmçinin, “28 May” metro stansiyası - Heydər Əliyev Beynəlxalq Aeroportu marşrutu üzrə ekspress avtobuslarda sərnişindaşıma xidmətinin tarifinin yuxarı həddi 1,30 manat, hava nəqliyyatı ilə Gəncə-Naxçıvan reysi üzrə isə sərnişindaşıma xidmətinin tarifinin yuxarı həddi isə 49 manat səviyyəsində təsdiq edilmişdir.
Qərarlar və dərman vasitələrinin qiymətlərinin siyahısı Tarif (qiymət) Şurasının rəsmi internet saytının (www.tariff.gov.az) "Şuranın qərarları" və “Dərman vasitələri” bölmələrində yerləşdirilmişdir