Üç-dörd aydır ki, Bakıda göz damlası “Kvinaks” yoxa çıxıb. Apteklərdə təxminən 3,5 manata satılan bu damlanı adətən gözləri kataraktadan əziyyət çəkən yaşlı adamlar istifadə edirlər. Həkimlər yaşı 70-dən yuxarı xəstələrə “Kvinaks”ı illərlə istifadə etməyi məsləhət görürlər. Bir flakonu bir aydan artıq istifadə etmək olmaz, çünki qapaq açıldığından içəridəki məhlul xarab olur. Sovet illərindəki 1-1,5 manatlıq göz damlalarını xatırlayan yaşlı insanlar deyinə-deyinə olsa da, “Kvinaks”ı alırdılar. Çünki bir-iki ay istifadə etmədikdə görmə qabiliyyətinin zəfiflədiyini hiss etməyə başlayırdılar.
Amma araşdırmaya görə, son günlər Azərbaycanın yaşlı adamları yağışdan çıxıb yağmura düşüblər - apteklərdən 3,5 manatlıq “Kvinaks” yoxa çıxıb və yerini dəqiq 3 dəfə, yəni ən azı 10,5 manata satılan “Kataksol” tutub. Beynəlxalq adı “Azapentasen” olan hər iki məhlul demək olar ki, eyni tərkibə malikdir. Hər ikisinin tərkibində aktiv maddə də eynidir - 1 millitrdə 0,15 milliqram natrium azapentasen polisulfonat var. Köməkçi komponentlər də eynidir - hər ikisinin tərkibində bor turşusu, tiomersal, metilparaben, propilparaben var. Buna görə əks göstəriciləri də tamamilə eynidir.
Eyni tərkibli iki dərmanın müxtəlif marka adı alrtında istehsal edilməsinin kökündə hər ikisinin cenerik (eynitərkibli dərmanın müxtəlif adlar altında təkrar nümunəsi-red.) olması dayanır. Məsələ bundadır ki, bir sıra dərmanları istehsal edən firmalar yeni dərman preparatını layihələndirdikdən sonra onu patentləşdirirlər. Bir preparatın hazırlanmasına illər gedir və milyonlarla dollar xərclənir. Bu pullar elmi tədqiqatlara və reklama yönəldilir. Buna görə də həmin preparatlar xeyli baha olur. Amma patentin vaxtı bitdikdən sonra həmin dərmanı digər firmalar da istehsal edə bilər. Belə dərmanlara cenerik deyilir. Adətən ceneriklər çox ucuz olur. Çünki cenerik istehsalçıları sadəcə əsas dərmanı götürərək surətini çıxarırlar. Buna görə də ceneriklər çox ucuz başa gəlir.
Tanınmış əczaçı Nelli İqnatyevanın sözlərinə görə, ceneriklər orijinal dərmanlardan bəzən 10 dəfə ucuz olur. “Dərman xasiyyətlərinə görə cenerik ilk orijinalın tam surətidir. Ceneriklə orijinal dərmanın yalnız əlavələri fərqli ola bilər ki, onların da heç bir dərman xüsusiyyətləri yoxdur”. Rusiya bazarında bu ilin birinci rübündə aparılmış araşdırma göstərir ki, bir çox geniş yayılmış dərmanların cenerikləri var. Amma apteklərdə nədənsə orijinal dərmanlar daha çox satılır. Məsələn, həzmetmə üçün yazılan çox populyar dərman Rusiyada 255 rubla, yəni təxminən 5 dollara satılır, onun eyni tərkibli ceneriki "Pankreatin" isə 33 rubldur, yəni 8 dəfə ucuzdur. Eyni məqsəd üçün nəzərdə tutulan digər populyar dərmanın isə (240 rubl) ceneriki “Loperaimid”dir (15 rubl). Postsovet məkanında geniş yayılmış ağrıkəsici “No-şpa”nın (111 rubl) ceneriki isə “Drotoverin”dir (20 rubl). Soyuqdəyməyə qarşı populyar olan “Nurofen”in (106 rubl) ceneriki isə “İbuprofen” (9 rubl) sayılır. Qripə qarşı populyar olan dərmanın (110 rubl) ceneriki kimi isə “İnflyunorm”u (20 rubl) almaq olar. Bu orijinal preparatların bəzilərinin güclü yan təsirləri aşkar edilsə də, Rusiyada hələ də geniş reklam edilir və ceneriklərin tanınmasına imkan verilmir.
Azərbaycanda da bu kimi preparatlar geniş yayılıb, amma əvəzediciləri də var. Məsələn, ANS PRESS əməkdaşı həzmetmə üçün populyar dərmanlar üçün müraciət etdiyi apteklərdən yox cavabı alıb, ona hər iki preparatı əvəz edən “Aftenzim” təklif edilib, amm bu preparation nisbətən baha - 5 manat 20 qəpiyə olduğu bildirilib. “Bu da yaxşı dərmandır, demək olar ki, eyni xüsusiyyətlərə malikdir”,- deyə əczaçı qız israrla söyləyib. Paytaxt apteklərində əksər dərman preparatları ilə də bağlı vəziyyət bu cürdür. Göründdüyü kimi, Bakıda orijinal dərmanların bahalı “cenerik”ləri daha populyardır.
Bakı apteklərində əczaçılar müraciət edən müştəriyə adətən ən bahalı dərmanları satmağa çalışırlar. Çünki ən populyar apteklərdə satıcılar faizə işləyir, əmək haqqı kimi satdıqların dərmanın 1-2 faizini alırlar. ANS PRESS əməkdaşının tanışlarından biri işlədiyi ilk ayda Hippokrat andına riayət edərək ən ucuz dərmanaları satmışdı və onda aylıq maaşı cəmi 70 manat təşkil eləmişdi. Sonradan qız fəaliyyətini “düzəltdi” və aylıq maaşını 300-400 manata qədər qaldıra bildi.
Orijinal dərmanların ucuz analoqlarının ölkəyə gətirilməsinə dərman istehsalçıları da mane olurlar. Ümumdünya Səhiyyə Təşkilatının araşdırmasına görə, ABŞ-ın və Avropanın bir sıra dərman firmaları öz aralarında gizli sövdələşmə apararaq, ceneriklərin istehsalını illərlə ləngidirlər. Avropada buna qarşı geniş mübarizə başlayıb və bütün apteklərin girişində “Mən ceneriki sevirəm” lövhələri asılıb. Müştərilərə aptekə girərkən ilkin olaraq cenerikləri istəməyi tövsiyyə edirlər.
Azərbaycanda bu biznesə yaxın mənbələrin dediklərindən aydın olur ki, bizim şirkətlərin də əsasən orijinal dərmanların ticarəti ilə məşğul olmağa meyllidirlər. Şirkət Avropada firmalarının dərmanlarının ceneriklərini gətirmək əvəzinə, müəyyən güzəştlər qarşılığında firmaların yeni istehsal etdiyi, amma hələ bazara girməmiş bahalı dərmanlarını qeydiyyatdan keçirirlər. Yəni ölkə əhalisini davamlı olaraq təcrübə obyekti kimi sınaq altına salırlar.
Şirkət təmsilçiləri əvvəllər firma dərmanlarını satdırmaq üçün həkimlərə satışdan sonra komisyon verirdilərsə, indi həkimləri bəri başdan pul ödənir, müəyyən müddətdən sonra isə hesabat və təsir nəticələri tələb edilir. Bunu bir növ qanuni saymaq olar, Çünki Azərbaycan həkimləri bir növ Avropa şirkətlərinin öz ölkələrində apara bilmədiyi tədqiqat prosesinə cəlb edilirlər. Amma bu məsələdə şəksiz ki, müştərilərin razılığı alınmalıdır. Həm də müştərilərin müalicəsi daha baha başa gəlir.
Səhiyyə Nazirliyi isə məsələyə qarışa bilmədiyini deyir. Nazirlikdən ANS PRESS-in əməkdaşına dərman satışının özəl biznes olduğunu, şirkətlərə təzyiqin onların işinə müdafilə sayıla biləcəyini bildiriblər.
Nazirliyin bu cür ehtiyatlı yanaşması, əslində, Azərbaycanda problemin daha yüksək səviyyədə həll edilməsinin vacibliyini ortaya çıxarır. Rusiyada və digər Avropa ölkələrində problemin həlli üçün ən populyar dərmanların ceneriklərinin ölkə daxilində istehsalını təşkil edirlər. Özbəkistan bu məsələyə daha ətraflı yanaşıb və 30-a yaxın xarici şirkət ölkəyə gətirilərək daxili bazar üçün ucuz dərmanlar istehsalını təşkil edib.
Azərbaycan da bu addımı atmalıdır və sovet illərində daxili bazarda 25 faizdən çox payı olmuş, hazırda 0,1 faizin ətrafına düşmüş Bakı Dərman Fabirikinin işini bərpa etməlidir. Ölkədə yeni-yeni dərman istehsal edən müəssisələrin açılması da vacibdir. Əks halda, Azərbaycan aptek şəbəkəsi populyar dərmnaların ucuz ceneriklərinə həsrət qalacaq./anspress/