Mütəxəssislər bu canlının toxumalarından analiz üçün nümunə götürüblər
İndoneziyanın Seram adası sahillərində nəhəng dəniz canlısının leşi tapılıb. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə News.com.au nəşri məlumat yayıb. 15 metrlik varlığın qalıqları həftənin ikinci günü gecə fərq edilib. Qaranlıqda yerli sakinlər sahildəki bu leşi hansısa dağılmış gəminin bir hissəsi zənn ediblər. Yerli balıqçıların sözlərinə görə, bu leş nəhəng kalmarın qalığıdır. Sözügedən varlıq nəhəng ölçülərdə olub. Hesab edilir ki, nəhəng kalmarın üzgəclərinin uzunluğu 16,5 metrə çatır. Digər versiyaya görə, bu, ölmüş donqar balinadır. Bu növ canlıların böyüyünün uzunluğu adətən 14,5 metrə çatır. Mütəxəssislər bu canlının toxumalarından analiz üçün nümunə götürüblər. Yerli sakinlər ümid edirlər ki, hakimiyyət bu nəhəng çürümüş leşi sahildən götürməyə kömək edəcək.