Con Boltonun yerinə 10 namizədin adı açıqlanıb
11.09.2019 486 0.0 0

ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri vəzifəsinə namizədliyi irəli sürülən 10 nəfərin adı açıqlanıb.

Bildirək ki, bu barədə CNN telekanalı məlumat yayıb.

Qeyd olunub ki, namizədlərdən biri Brayn Hukdur. O, ABŞ-ın İran üzrə xüsusi nümayəndəsidir. Huk bu yaxınlarda prezident Donald Trampın kürəkəni və müşaviri Cared Kuşnerlə birlikdə Yaxın Şərqdə səfərdə olub. Ona Ağ Evdə yaxşı münasibət göstərildiyi bildirilir.

Digər namizəd Rikki Uoddell ABŞ ordusunun ehtiyatda olan general-mayorudur. O, 2017-2018-ci illərdə ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşavirinin müavini vəzifəsində çalışıb.

ABŞ prezidentinin Şimali Koreya üzrə xüsusi nümayəndəsi Stiven Biqan da bu posta namizəddir.

ABŞ-ın vitse-prezidenti Maykl Pensin milli təhlükəsizlik üzrə müşaviri Kitt Kelloq və Mik Malvaninin qərargahının keçmiş rəisi Rob Blerin də adları namizədlər arasında hallanır.

ABŞ-ın Almaniyada səfiri Riçard Qrenella və Niderlanddakı səfiri Pit Hukstrın da adı namizədlər siyahısındadır.

ABŞ ordusunun istefada olan polkovniki Duqlas Makqreqor və prezidentin keçmiş müşaviri Con Boltonun qərargahının keçmiş rəisi Frederika Fleys, istefada olan general, Donald Trampın milli təhlükəsizlik üzrə qeyri-rəsmi müşaviri olmuş Cek Kin də namizədlər arasındadır.

Qeyd edək ki, sentyabrın 10-da ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Con Bolton istefaya göndərilib./Report/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar