ANS Tv Avropa Oyunları ərəfəsində paytaxtımıza gələn turistlərə Azərbaycanın mədəniyyəti barədə məlumat verilməsi haqda görülən işlərlə maraqlanıb.
Mətbəximizin təqdim olunması üçün restoran və otellərlə iş aparılıb. Tarixi yerlərə səyahətlər təşkil edilməkdədir. Amma unudulan incə, lakin çox önəmli bir məqam var. Bu da doğma dilimizlə bağlıdır.
Biz qonaqpərvərlik nümayiş etdirə-etdirə turistlərə Azərbaycan dilini öyrətməyə çalışırıqmı? Əcnəbi qonaqlar ölkəmizdə qaldığı müddətdə dilimizi mənimsəyə cəhd edirmi? Avropa Oyunlarının Bakıda keçirildiyi bir vaxtda paytaxtımıza 50-dən çox ölkədən qonaq üz tutub.
Elə bunun şahidi olmaq üçün şəhərə çıxmaq yetər. Biz də çox əziyyət çəkməli olmadıq. İlk rast gəldiyimiz əcnəbi qonaqlar bizim dili öyrənməyə meyilli idi. Elələri də var idi ki, gəldiyi bir həftə ərzində yalnız salam-sağol sözlərini öyrənməklə kifayətlənmişdi.
Bir neçə gündür ölkəmizə təşrif buyuran əcnəbi qonaqların bizim dilimizdə hansı sözlərin test apardıq Əcnəbi qonaqlarımız arasında dilimizi öz doğma dillərinə bənzədərək bəzi sözləri yadda salxayanlar da var idi.
Nyu-York şəhərindən paytaxtımıza üz tutan qonaqlarla da rastlaşdıq. Onların bizim dilə marağı böyük idi. Bunu amerkalı turistlərlə söhbətimiz zamanı müşahidə edə bildik.
İngilis-Azərbaycan lüğəti bir an belə əlindən düşməyənləri də gördük. Qonaq gələn əcnəbilərdən bəziləri də burada bir həftə yaşamasına baxmayaraq yalnız bir sözü öyrənə bilmişdi.
Müşahidələrdən görünür ki, əcnəbilərin bir qisminin dilimizi öyrənməyə həvəsi var. Ona görə də bu fürsətdən istifadə etməliyik.
Ölkəmizə gələn əcnəbi qonaqlara mətbəximzi, tariximizi gəzməli-görməli yerlərimizi təbliğ etməklə yanaşı, doğma dilimizdə heç olmasa, bir cümlə belə öyrətməyə də səy göstərsək lap yerinə düşər./anspress/