Bu gün Milli qəhrəman Çingiz Mustafayevin ölümündən 24 il ötür. Milli qəhrəman ANS kollektivi tərəfindən məzarı başında anılıb. Anım günü münasibəti ilə ANS Şirkətlər Qrupunun əməkdaşları Milli qəhrəmanın məzarını ziyarət ediblər. Şirkətlər Qrupunun rəhbərliyi və əməkdaşları onun qəbri üzərinə gül düzüb, ruhuna dualar oxuyublar.
Çingiz Mustafayev 1960-cı il avqustun 29-da Həştərxan vilayətinin Vladimir rayonunun Kapustin-Yar qəsəbəsində Fuad Mustafayevin və Naxış Mustafayevanın ailəsində anadan olub. 1964-cü ildə ailəsi ilə Bakı şəhərinə köçüb. 1977-ci ildə Yasamal rayonunda 167 saylı məktəbi bitirib.
Çingiz Mustafayev 1970-ci illərdə SSRİ-də və Azərbaycanda ilk disko-klubu yaradıb. O, Azərbaycanda ilk DJ kimi tanınır.
Çingiz Mustafayev cəbhə bölgəsində
1977-ci ildə Azərbaycan Tibb İnstitutuna daxil olur, 1983-cü ildə institutu müvəffəqiyyətlə bitirir.
Çingiz Mustafayev jurnalist fəaliyyətinə 1990-cı il 20 Yanvar hadisələri zamanı başlayır. 1991-ci ilin noyabr ayından jurnalist və Azərbaycan Dövlət Televiziyasında reportyor kimi fəaliyyət göstərib.
Onun reportajları informasiya blokadasında olan Azərbaycan haqqında həqiqətlərin Amerika və Avropanın aparıcı teleagentlikləri və televiziyalarına yol tapıb. Onun Azərbaycanda baş verən qətliamları, müharibənin ağır üzünü, Azərbaycanın haqq səsini dünyaya çatdırmaqda müstəsna xidmətləri olub.
Ölkənin döyüş gedən bütün bölgələrindən operativ xəbərlər, ayrı-ayrı əsgərlər haqqında xüsusi reportajlar və bütün bunlarla yanaşı Azərbaycanda gedən siyasi proseslər barədə ətraflı informasiyalar onun müəllif yaradıcılığı idi.
Çingiz Mustafayev 1992-ci ilin iyun ayının 15-də Xocalı rayonunun Naxçıvanik kəndində çəkiliş zamanı aldığı mərmi qəlpəsindən dünyasını dəyişib. Hadisə zamanı Çingiz Mustafayevin kamerası çəkməkdə davam edirdi.../anspress/